Sabiq diplomat: “Bakı “İbrahim sazişləri”nə qoşulmağa tələsməməlidir”
Siyasət
29.07.2025 16:51
“Azərbaycan “İbrahim sazişləri”nə qoşulmağa tələsməməlidir”.
Politoloq, sabiq diplomat Fikrət Sadıqov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “İbrahim sazişləri” çərçivəsində bir sıra ərəb dövlətləri artıq İsraillə əməkdaşlıq edir və bu əməkdaşlıq getdikcə dərinləşir. Diplomatik münasibətlər qurulub, ticarət, iqtisadi və siyasi əlaqələr inkişaf etdirilir. Əslində, bu, normal və gözlənilən bir prosesdir.
“Vaxtilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff bizə də bu sazişə qoşulmağı təklif etmişdi. Maraqlıdır ki, eyni təklif Ermənistana da göndərilmişdi. Azərbaycanın isə tam müstəqil və çoxvektorlu xarici siyasəti bu cür təşəbbüslərdə iştirak etməyə tam əsas verir. Lakin nəzərə almalıyıq ki, biz mürəkkəb və həssas bir regionda yerləşirik. Burada bu tip addımları qıcıqla qarşılayan dövlətlər də var. Bu səbəbdən düşünürəm ki, İsraillə tərəfdaşlıq münasibətlərimizi müxtəlif sahələr üzrə inkişaf etdirməyə davam etməliyik. Lakin “İbrahim sazişləri”nə qoşulmaq məsələsində tələsməməliyik".
Diplomatın fikrincə, bu istiqamətdə qərar qəbul edərkən risklər diqqətlə qiymətləndirilməli, siyasi və diplomatik təhlil aparılmalıdır.
“Nəticədə bu sahədə atılacaq hər hansı addım Azərbaycanın milli maraqlarına uyğun olacaq və ölkəmizin öz təşəbbüsü ilə həyata keçiriləcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “İbrahim sazişləri”nin genişləndirilməsi ilə bağlı diplomatik müzakirələr zamanı siyasi mənbə İsrailin 7-ci kanalına bildirib ki, Azərbaycan İsraillə geniş əməkdaşlığını nəzərə alaraq müvafiq sazişə qoşula bilər. Mənbənin sözlərinə görə, buna nail olmağın yolu digər məsələlərlə yanaşı, ABŞ və Azərbaycan arasında yaxınlaşma sxemindən keçir.
Töhfə Səməd
tag: Fikrət Sadıqov,Politoloq,İbrahim sazişi,Azərbaycan,Todaypress.tv,