Rusiya-Ukrayna müharibəsi "KLİNÇ" MƏRHƏLƏSİNDƏ

Siyasət

24.07.2025 21:40

“Rusiya və Ukrayna müharibəsi "klinç" mərhələsindədir, heç bir ciddi irəliləyiş gözlənmir”.

Politoloq Əhəd Məmmədli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, artıq tərəflər arasında qarşılıqlı etimadsızlıq və maksimalist mövqelər elə bir həddə çatıb ki, konkret və davamlı razılaşmalar mümkünsüz görünür.

“Öncədən proqnozlaşdırıldığı kimi, danışıqların 3-cü raundu da əsasən əsir mübadiləsindən o tərəfə keçə bilmədi. İndiki mərhələdə əsas məqsəd bu kimi texniki məsələlərlə məhdudlaşır. Bu isə tərəflər arasında fundamental anlaşmanın olmadığını göstərir”.

Analitik Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşə də skeptik yanaşıb. Onun qənaətincə, Moskva belə bir görüş üçün ilkin şərtlər irəli sürsə də, lakin bu şərtlərin yerinə yetirilməsi hazırkı şəraitdə real deyil. Buna görə də Putin Zelenski ilə yalnız tələbləri yerinə yetirildikdən sonra görüşə razı ola bilər. Bu isə faktiki olaraq həmin görüşün baş tutmayacağını göstərir. 

Politoloq eyni zamanda yaxın zamanda atəşkəsin əldə olunmasını da inandırıcı saymır. 

“Cəbhədə vəziyyət stabil görünsə də, bu, tükənmişlikdən yaranmış keçici bir durğunluqdur. Bu, boksdakı “klinç” vəziyyətinə bənzəyir. Boksçular yorulanda bir-birini qucaqlayır, nə irəliləyə, nə də geri çəkilə bilirlər. İndi də həm Rusiya, həm də Ukrayna gücdən düşüb, lakin hər ikisi mübarizəni dayandırmaq istəmir. Qarşılıqlı gözləmə və mövqelərin qorunması prosesi gedir”.   

Sonda Ə.Məmmədli diqqətə çatdırıb ki, əgər tərəflərdən biri cəbhədə ciddi irəliləyiş əldə etməsə, danışıqların mahiyyəti dəyişməyəcək və siyasi proses yenə də simvolik təmaslarla məhdud qalacaq.   

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna nümayəndələri arasında sülh danışıqlarının üçüncü raundu baş tutub. Toplantı Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilib. Görüşdə üç ildən artıq müddətdə əsir saxlanılan şəxslərin azad edilməsi tələbi qəbul olunub. Rusiya tərəfi isə açıqlamasında ən qısa zamanda azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə olunduğunu bildirib.  

Töhfə Səməd

tag: Rusiya, Ukrayna,Klinç, Politoloq, Əhəd Məmmədli, todaypress.tv,

photo