Rəsmi Bakının Moskvaya çağırışları: Bu addımlar atılarsa, münasibətlər…
Siyasət
28.07.2025 14:38
“Azərbaycanla Rusiya arasında son günlər yaşanan gərginlik fonunda rəsmi Bakının Moskvaya ünvanladığı çağırışlar beynəlxalq hüquq normalarına tam uyğun və məntiqli hesab edilir”.
Politoloq Elçin Xalidbəyli bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycan Rusiyanı AZAL təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır” bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Rusiya tərəfindən Azərbaycanın sərnişin təyyarəsinin vurulması faktı artıq danılmaz dəlillərlə sübut olunub. Təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu təsdiqləyən sübutlar fonunda Moskvanın məsuliyyəti boynuna almaması, Kremlin beynəlxalq hüquq normalarını görməzdən gəldiyini göstərir:
“Bu, Rusiyanın imperialist siyasətini bir daha ortaya qoyur. Halbuki Azərbaycan Rusiya ilə münasibətləri normal saxlamağa çalışan azsaylı ölkələrdən biri olub. Lakin Kreml bu qərəzli və qeyri-adekvat yanaşması ilə Azərbaycanı da özündən narazı saldı”.
Onun sözlərinə görə, Bakının Rusiyanı məsuliyyəti üzərinə götürməyə çağırması əslində xoşməram bir jestidir. Lakin Rusiyanın buna adekvat cavab vermək əvəzinə yenə də təhdid dili ilə çıxış etməsi, iki ölkə arasında münasibətlərin normallaşma ehtimalını zəiflədir.
“Azərbaycan açıq şəkildə bəyan edir ki, Rusiyanın məsuliyyəti etiraf etməsi, kompensasiya ödəməsi və rəsmi üzr istəməsi vəziyyətin sabitləşməsi üçün vacib addımlardır. Bu, heç də çətin bir proses deyil. Əksinə, bu addımlar atılarsa, münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ keçilmiş olar. Rusiyanın konstruktiv dialoqa maraq göstərmək əvəzinə, gərginliyi artıran ritorikaya üstünlük verməsi bu istiqamətdə ciddi irəliləyişə imkan vermir”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,Politoloq,Bakı,Moskva,Todaypress.tv,
