Proses başlayır: Qabil Məmmədov, Tural Sadıqlı...
Siyasət
31.10.2025 17:01
Xaricdə yaşayan azərbaycanlı mühacir-blogerlərlə bağlı müvafiq addımlar atılır.
Məlumata görə, artıq Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlərə başlayıblar.
Bildirilib ki, həmin şəxslərin Azərbaycana ekstradisiyası üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.
Maraqlıdır, bu prosesin davamı olaraq həmin şəxsləri nə gözləyə bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Deputat Hikmət Babaoğlu bildirib ki, milli dəyərlərə zərbə vuran hər kəs ədalət qarşısında cavab verməyə məhkumdur:
"Xaricdə yaşayaraq Azərbaycan xalqının milli əxlaqını, milli mənəviyyatını və milli maraqlarını hədəf alan hər kəs mütləq Azərbaycan qanunları qarşısında cavab verməlidir. Çünki Azərbaycan dövləti güclü dövlətdir. Azərbaycan siyasi sistemi qeyri-əxlaqi və qeyri-milli davranışları rədd edir. Belə olan halda, əgər bəzi şəxslərin cəzalandırılması ictimai rəyin tələbinə çevrilirsə, mütləq hüquqi prosedurlar başlanmalı və hüquq işə düşməlidir".
Parlamentari əlavə edib ki, onlar məhz sığındıqları ölkələr tərəfindən ədalətə təslim veriləcək:
"Buna görə düşünürəm ki, Azərbaycanın müvafiq qurumları belə bir prosesi başlatmalı və həmin şəxslərin Azərbaycana gətirilərək cəzalandırılması üçün hüquqi addımlar atmalıdırlar. Bu gözləniləndir və biz əminik ki, Avropanın müxtəlif ölkələrinə yayılan, anti-azərbaycançı mərkəzlərdən maliyyə alaraq Azərbaycan xalqına qarşı hücumlar təşkil edənlər və ölkəmizin maraqlarına zərbə vuranlar nəhayət həmin Avropa ölkələri tərəfindən Azərbaycana təhvil veriləcək; ədalət qalib gələcək".
Jalə Rövşən
tag: Hikmət Babaoğlu,Deputat,Qabil Məmmədov,Tural Sadıqlı,Todaypress.tv,
