Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır"

Siyasət

04.11.2025 12:41

Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasından namizədliyini irəli sürüb.

Bundan başqa, Baş nazir Nikol Paşinyan, keçmiş prezident Robert Köçəryan, keçmiş Ombudsman Arman Tatoyan və həbsdə olan oliqarx Samvel Karapetyan da seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Beləliklə, 2026-cı il seçkiləri Ermənistan siyasətində ciddi rəqabət və yeni qüvvələr nisbəti ilə müşayiət olunacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Paşinyan rəqiblərini zəiflədir, öz mövqeyi isə güclənir:

“Əvvəlcə qeyd edim ki, Ermənistanda hazırda hakim partiya daha çox şanslı görünür və digər alternativ qüvvələrin, xüsusilə revanşistlərin təmsilçilərinin hakimiyyətə gəlmə ehtimalı kifayət qədər aşağıdır. Hazırda Baş nazir Paşinyanın "Real Ermənistan" konsepsiyası çərçivəsində apardığı prinsipial siyasətin daha effektiv olması üçün daha radikal addımlar atılır. Xüsusilə bu konsepsiyaya qarşı çıxan və "Böyük Ermənistan" ideologiyasının daşıyıcıları — kilsə və digər revanşist qrupların sıradan çıxarılması prosesi gedir”.

Siyasi şərhçi bildirib ki, kilsəyə qarşı atılan addımlar Paşinyanın seçkiyə qədər hakim partiya üçün olan maneələri aradan qaldırmaq məqsədi daşıyır və növbəti mərhələdə erməni kilsəsi və lobbisinə verilmiş konstitusion hüquqlar da böyük ehtimalla ləğv ediləcək:

“Təbii ki, bu, ənənəvi erməni ideologiyasının davamında maraqlı olan qrupları narahat edir və onlar müxtəlif yollarla alternativlər yaratmağa, hökumətə təzyiq etməyə cəhd göstərirlər. İndiyə qədər xüsusilə kilsə tərəfindən hökumətin devrilməsi istiqamətində atılan addımlar hər kəs tərəfindən müşahidə olundu və fiasko ilə nəticələndi”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, hazırda hökumətin əlində daha ciddi rıçaqlar mövcuddur ki, erməni kilsəsi tam olaraq siyasi səhnədən sıxışdırılıb çıxarılsın. Yaxın perspektivdə bununla bağlı real addımlar müşahidə olunacaq.

Ekspert hesab edir ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət, xüsusilə sülh prosesi ilə bağlı pozitiv meyillər cəmiyyətdə də müsbət qarşılanır:

“Təbii ki, birmənalı fikir yoxdur, amma bütövlükdə hökumətə kifayət qədər dəstək göstərilməsi Paşinyanın siyasətinin cəmiyyət tərəfindən qəbul edildiyini göstərir. Ona görə də növbəti mərhələdə düşünürəm ki, Paşinyan hökuməti yenidən qalib gələcək”.

Onun fikrincə, əgər Ermənistanı fəlakətə aparan düşüncə yenidən hakimiyyətə gələrsə, bu, dövlətçiliyin mövcudluğunu sual altına sala bilər:

“Mövcud reallığa uyğun olmayan və indiyə qədər Ermənistanı fəlakətə sürükləyən siyasi qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan üçün yenidən faciəyə səbəb ola bilər. Hazırkı hökumətin kifayət qədər güclü olduğu və ictimai dəstəyə malik olduğu görünür. Bu baxımdan Paşinyan hökumətinin 2026-cı il seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

Jalə Rövşən


tag: Ermənistan ,Paşinyan,Böyük Ermənistan,Alen Simonyan ,Todaypress.tv,

photo