Millət vəkili: “Mina təhdidi sülhə qarşı törədilən davamlı cinayətdir”
Siyasət
31.07.2025 16:16
“Mina təhdidi sülhə qarşı törədilən davamlı cinayətdir”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, Ermənistanın mina terroru yalnız təhlükəsizlik problemi deyil, həm də beynəlxalq hüququn, insan haqlarının və sülh təşəbbüslərinin kobud şəkildə pozulmasıdır.
“Azərbaycanın təşəbbüsü ilə humanitar minatəmizləmənin BMT-nin Qlobal Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edilməsinə yönəlmiş fəaliyyət, ölkəmizin bu istiqamətdə apardığı mübarizənin miqyasını və qlobal məsuliyyətini əks etdirir. Lakin son 30 ildə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib. Lakin Ermənistan, sülh danışıqları üçün tarixi imkanın yarandığı bir vaxtda belə, planlı şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina edir. Bu isə rəsmi İrəvanın sülhə sədaqətinə ciddi şübhələr doğurur”.
Millət vəkili diqqətə çatdırıb ki, ilkin qiymətləndirmələrə əsasən, Ermənistan 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazisində 1,5 milyondan artıq mina basdırıb. Bu minaların qəbiristanlıqlarda, mülki obyektlərdə, yollar üzərində tələ kimi yerləşdirilməsi, Ermənistanın insanlıq və müharibə cinayətlərinə imza atdığını göstərir. Bunun nəticəsidir ki, postmüharibə dövründə 400-dən çox insan mina partlayışlarının qurbanı olub. Bu isə faktiki olaraq davam edən mina terrorunun nəticəsidir.
Parlamentari beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmasını da tənqid edib. Onun fikrincə, Avropa Parlamenti və AŞPA kimi qurumlar Ermənistanın hərbi cinayətlərinə göz yumaraq, əslində mina terroruna dolayı yolla dəstək verirlər. Eyni zamanda bu qurumlar Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirirlər.
“Qərbin belə yanaşması, əslində, terrora təşviqin və cinayətə şərikliyin nümunəsidir. Bütün bunlara baxmayaraq, Azərbaycan bu çağırışlar qarşısında təslim olmayıb, əksinə, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq prosesini böyük əzm və qətiyyətlə davam etdirir. Minatəmizləmə işlərinin 90 faizindən çoxu daxili resurslar hesabına həyata keçirilir. Bu isə Azərbaycanın həm siyasi iradəsini, həm də texniki imkanlarını göstərir. Bunun nəticəsidir ki, təxminən hər həftə işğaldan azad edilmiş torpaqlara keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının şahidi oluruq. "Böyük Qayıdış" layihəsi təkcə milli prioritet deyil, həm də beynəlxalq humanitar dəyərlərə verilən töhfədir. Bu, Azərbaycanın işğalın nəticələrini aradan qaldırmaq əzmindən xəbər verir".
Sonda deputat vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə həm öz vətəndaşlarının təhlükəsizliyini təmin edir, həm də regionda sülh və inkişaf üçün nümunəvi model ortaya qoyur. Ermənistan mina terroruna son qoymalı, beynəlxalq ictimaiyyət də bu məsələyə səssiz qalmaq əvəzinə, hüquqi və siyasi məsuliyyətlə yanaşmalıdır.
Töhfə Səməd
tag: Millət vəkili,Mina,İşğal,Azərbaycan,Ermənistan,Bəhruz Məhərrəmov,Todaypress.tv,
