Sərdar Cəlaloğlu: “Yeni Ramiz Mehdiyevlər yarana bilər”

Siyasət

30.10.2025 12:48

Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin yaxın çevrəsinə aid şəxslərin hələ də parlamentdə təmsil olunması iddiaları ictimai müzakirələrə səbəb olub.

Ekspertlər bu vəziyyətin siyasi sistemdə yenilənmə zərurətini gündəmə gətirdiyini bildirirlər.

Maraqlıdır, Ramiz Mehdiyevin tərəfdaşlarının parlamentdən uzaqlaşdırılması üçün növbədənkənar seçkilər keçirilə bilərmi?

Yoxsa bunun üçün başqa hüquqi mexanizmlər olmalıdır?

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, sistemdə fərdlərin deyil, mexanizmlərin dəyişməsi daha vacibdir:

"Bu məsələni təkcə bu istiqamətdə düşünmək düzgün deyil. Çünki sabah başqa Ramiz Mehdiyevlər də çıxa bilər. Vaxtilə Ramiz Mehdiyev haqqında biz həqiqətləri deyəndə, hamı deyirdi ki, yox, o, dövlətin sütunudur. Sonradan məlum oldu ki, belə işlərə əl atır".

Onun sözlərinə görə, şəffaflıq və ictimai nəzarət olmadan yeni Ramiz Mehdiyevlərin yaranması qaçılmazdır:

"Ona görə də ölkədə hakimiyyət orqanları üzərində nəzarət gücləndirilməlidir. Ciddi islahatlar keçirilməyəcəyi təqdirdə, təkcə Ramiz Mehdiyev və onun tərəfdaşlarının kənarlaşdırılması Azərbaycan dövlətini sığortalamır. Tariximizdə də bu kimi halların şahidi olmuşuq. Məsələn, Sürət Hüseynovun dövlət çevrilişinə cəhd göstərməsi bunun bariz nümunəsidir".

ADP sədri son olaraq vurğulayıb ki, çıxış yolu şəffaf və nəzarətli idarəetmədən keçir:

"Dediyim kimi, bu məsələ yalnız parlamentin təmizlənməsi kimi dar aspektdə deyil, geniş bir islahatlar paketinin içərisində həll olunmalıdır. Ölkədə ciddi islahatlar aparılmasa, mətbuatda verilən məlumatlara görə hakimiyyət orqanları reaksiya verməsə, bu proses təhlükəli tendensiyada davam edəcək".

Jalə Rövşən

TodayPress TV

tag: Sərdar Cəlaloğlu,Ramiz Mehdiyev,Xəyanət,Dövlət,Todaypress.tv,