Millət vəkili: “Fransanın müstəmləkə siyasəti insan haqlarını pozur”

Siyasət

24.07.2025 10:47

“Azərbaycan nə Fransaya, nə də digər dövlətlərə qarşı çıxır. Biz yalnız beynəlxalq hüququn təmin olunmasını istəyirik”.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənov bunu “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda keçirilən konfransda deyib.  

O, müstəmləkəçilik siyasəti aparan ölkələrdən bəhs edib:

“Əgər hər hansı məsələdə müstəmləkəçilik elementi varsa, bu, bizim üçün xüsusi önəm daşıyır. Çünki biz də tarixən bu acını yaşamış və mübarizə aparmış xalqıq. Azərbaycan xalqının əsas dəyərlərini ifadə edən qruplar uzun illər siyasi mərkəzlərə qarşı mübarizəni davam etdirib.  Bu gün Azərbaycan yalnız müstəqil dövlət deyil, eyni zamanda bir çox ölkə üçün nümunədir. Biz heç vaxt suveren hüquqlarımızı unutmamış və suverenliyin bərpası uğrunda daim mübarizə aparmışıq. Bu gün bu hüququ yenidən təmin etmək xoşbəxtlikdir”.

Deputat bildirib ki, Azərbaycanda keçirilən COP29 tədbirindən sonra bir neçə ölkədən ciddi siqnallar alınıb:  

“Müstəmləkəçilik siyasətini aktiv şəkildə həyata keçirən ölkələr COP29 tədbiri ilə bağlı narahatlıq keçirməyə başlayıblar. Bu, onu göstərir ki, Azərbaycanın fəaliyyəti birbaşa həmin ölkələrin həssas nöqtələrinə toxunur. Fransa da bu dövlətlər sırasındadır. 

Fransanın müstəmləkə siyasətində insan haqları kobud şəkildə pozulur. Bu məsələ Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dəfələrlə gündəmə gətirildi və nəticədə Bakı Təşəbbüs Qrupu yaradıldı. Eyni zamanda ekoloji mühitin dəyişdirilməsinə yönəlik fəaliyyətlər, nüvə sınaqları, zərərli istehsalat müəssisələrinin fəaliyyəti, təbii sərvətlərin mənimsənilməsi – bütün bunlar insan hüquqlarının pozulmasıdır. Fransa 1966-cı ildə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə”yə qoşulsa da, öhdəliklərini yerinə yetirmir və bu ölkələrə müstəqillik vermək niyyətində deyil”.

Parlamentari son zamanlar Yeni Kaledoniyadakı aktivləşməyə də diqqət çəkib:

“Yeni Kaledoniyada son vaxtlar müşahidə olunan fəallaşma da Azərbaycanın təşəbbüsləri ilə birbaşa bağlıdır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın qaldırdığı məsələlər bu prosesləri hərəkətə gətirib.

Azərbaycan nə Fransaya, nə də digər dövlətlərə qarşı çıxır. Biz yalnız beynəlxalq hüququn təminini istəyirik. Dənizaşırı ərazilərin azad olunması məsələsində də beynəlxalq hüquqa əsaslanırıq”.

Qiymət Mahir

tag: Azər Allahverənov,Deputat,Fransa,Müstəmləkə,Todaypress.tv,