Maduro Rusiyanın “QAPISINI DÖYDÜ”: Raketlər, təyyarələr sıraya düzülür
Siyasət
03.11.2025 14:35
Venesuela Prezidenti Nikolas Maduronun Rusiyadan hərbi dəstək istəməsi beynəlxalq siyasi gündəmin diqqət mərkəzinə çevrilib.

“Washington Post”un əldə etdiyi məxfi sənədlərə görə, Karib dənizində ABŞ qüvvələrinin sayının artmasına cavab olaraq Maduro Moskvanın hərbi yardımını istəyib. Sənədlərdə qeyd olunur ki, Venesuela rəhbərliyi Rusiyadan raket sistemləri, radar avadanlıqları və modernləşdirilmiş qırıcı təyyarələr tələb edib.
Maraqlıdır, Rusiya ABŞ-yə qarşı bu addımı atacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, ABŞ hazırda Mərkəzi Amerika və Cənubi Amerikada öz geosiyasi maraqlarını təmin etmək məqsədilə müxtəlif dövlətlərə qarşı siyasi təzyiqlərə başlayıb.

O bu təzyiqlərin gələcəkdə hərbi xarakter ala biləcəyini də istisna etməyib:
“Venesuela Rusiyadan modernləşdirilmiş raket və radar sistemləri, eləcə də qırıcı təyyarələr almaq istəyib. Söhbət təkcə Rusiyadan getmir – Çin və İrandan da yardımlar istənilib.
İndiki mərhələdə Rusiyanın özünə daha çox silah-sursat tədarükü lazımdır. Çünki Rusiya müharibə şəraitindədir və Şərqi Avropada gedən bu proseslərdə təchizat zənciri onun üçün həyati əhəmiyyət daşıyır. Başqa sözlə, Rusiya indi bu məsələlərə ən azından iqtisadi baxımdan qarışmaq gücündə deyil. Mövcud iqtisadi göstəricilər də göstərir ki, Rusiya həm ABŞ, həm də Çindən müəyyən qədər geri qalır”.
R.Tağızadənin qənaətincə, nəzərədə tutulan proseslərə qarışmaq Rusiyanın maraqlarına uyğun deyil:

“Rusiyanın Mərkəzi Amerika və ya Cənubi Amerika regionlarında gedən proseslərə birbaşa müdaxiləsi onun büdcəsinə əlavə maliyyə yükü gətirər, enerji resurslarının bölünməsinə səbəb olar ki, bu da rəsmi Moskvanın maraqlarına uyğun deyil. Fikrimcə, hazırkı məqamda ABŞ yaranmış fürsətdən maksimum istifadə etməyə çalışır.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Amerika qitəsində real təsir gücü yoxdur. Necə ki, ingilis və amerikalıların Yaxın Şərqdə siyasi təsiri güclüdür, Rusiya bu bölgədə belə bir nüfuza malik deyil, eyni paraleli Amerika qitəsinə də çəkmək olar. Bu baxımdan Moskvanın Amerika qitəsində təsir imkanları, demək olar ki, məhduddur”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "CBS News"a verdiyi müsahibədə Venesuela ilə müharibəyə getmək niyyətində olmadığını bildirib.
Qiymət Mahir
tag: Rüstəm Tağızadə,Politoloq,Rusiya,Venesuela,Todaypress.tv,
