İran səfiri: “Azərbaycanla əməkdaşlıq İran üçün xüsusi əhəmiyyət kəsb edir”

Siyasət

10.02.2026 19:55

“Dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı İran üçün xüsusi əhəmiyyət kəsb edir”.

TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

Səfir vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına əsaslanır və qarşılıqlı maraqlar üzərində formalaşıb.

O qeyd edib ki, bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. O xatırladıb ki, İran 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlər üçün möhkəm institusional əsas yaradıb:

“Ötən 34 il ərzində İran İslam Respublikası Azərbaycanın müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası məsələlərində prinsipial və dəyişməz mövqe nümayiş etdirib, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəylik göstərib. Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Prezidentlər və yüksək vəzifəli şəxslər arasında davamlı dialoq, enerji və nəqliyyat sahələri daxil olmaqla birgə iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi keçirilməsi bu prosesdə mühüm rol oynayır”.

Səfir bildirib ki, müsbət dinamikanın davamlılığı nəticəsində Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətləri yeni mərhələyə yüksələcək və xalqlar bu tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər.

Qiymət Mahir

TodayPress TV 

tag: Müctəba Dəmirçilu,İran,Azərbaycan,Əməkdaşlıq,Todaypress.tv,