Ermənistanda “Azərbaycan dili havası”: Səmimi addım, yoxsa gizli məqsəd?

Siyasət

03.11.2025 11:59

Rəsmi məlumatlara görə, Ermənistan məktəblərində Azərbaycan dili dərslərinin tədrisinə başlanılır.  Maraqlıdır, bu addım Ermənistan-Azərbaycan münasibətlərində etimad quruculuğuna real təsir göstərə bilərmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanda Azərbaycan dilinin tədrisi münasibətlərin yumşalmasına işarədir:


"Ermənistanda müxtəlif dillər tədris olunur və artıq Azərbaycan dilinin də məktəblərdə keçirilməsinə başlanılıb. Bu, xüsusi əhəmiyyət kəsb edən məsələdir. Söhbət strateji xarakter daşıyan, gələcəkdə münasibətlərin qurulması baxımından mühüm rol oynaya biləcək bir addımdan gedir".

Politoloq qeyd edib ki, dil tədrisi müxtəlif məqsədlərə xidmət edə bilər:


"Eyni zamanda, Azərbaycan dilinin Ermənistanda öyrənilməsi müəyyən başqa məqsədlər üçün də istifadə edilə bilər. Ümumiyyətlə, bu gün dünyada dil öyrənmək geniş yayılmış bir tendensiyadır. Azərbaycan və Ermənistan qonşu ölkələrdir və bu dillərin öyrənilməsində yanlış heç nə yoxdur. Əgər bu, düzgün və səmimi məqsədlərlə – gələcəkdə ikitərəfli münasibətlərin inkişafı və diplomatik danışıqlarda istifadə məqsədilə həyata keçirilirsə, müsbət addımdır. Lakin əgər bu proses təxribat məqsədli, diversiya məqsədli aparılarsa, yanlış və təhlükəli yanaşma olar".


Onun fikrincə, Azərbaycan da bu istiqamətdə addım atmalıdır:

"Eyni zamanda, düşünürəm ki, Azərbaycanda da erməni dilinin öyrənilməsinin genişləndirilməsinə ehtiyac var. Ermənistanda Azərbaycan dilinin tədrisi artıq bizim üçün bir çağırışdır ki, Azərbaycanda da bu istiqamətdə işlər daha da gücləndirilsin. Ölkəmizdə ermənişünaslıq mövcuddur və bu sahəyə diqqət göstərilir – həm müharibə dövründən əvvəl, həm də postmüharibə dövründə. Bu istiqamətdə işlərin daha da genişləndirilməsi vacibdir".

Z.Əmrəliyev, həmçinin mədəni yaxınlaşmanın sülhün əsas şərti olduğunu vurğulayıb: 

"Ümumilikdə, dilin öyrənilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafı və etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda sülhün əldə olunması və onun davamlılığı üçün əsas məsələ qarşılıqlı etimadın yaradılmasıdır. Bu etimadın qurulmasında isə mədəni yaxınlaşma həlledici rol oynayır. Əgər Ermənistan bu sahədə səmimi addımlar atarsa və öz niyyətini açıq şəkildə göstərərsə, Azərbaycan da qarşılıqlı olaraq etimadın möhkəmlənməsi istiqamətində addımlar ata bilər".


Ekspert son olaraq əlavə edib ki, əgər dilin öyrənilməsi mədəni və sülhpərvər məqsədlərlə aparılarsa, bu, müsbət hadisədir. Amma əgər bu proses başqa, qeyri-səmimi məqsədlər üçün istifadə edilərsə, o zaman onun mənfi nəticələri qaçılmaz olacaq. Yəni başqa məqsədlər üçün istifadə edilsə, cavab tədbirləri görüləcək. 

Jalə Rövşən

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Azərbaycan dili,Todaypress.tv,