Cənubi Qafqazda yeni qütbləşmə: Sərt qarşıdurma gözlənilir?

Siyasət

29.07.2025 15:14

“Cənubi Qafqazda yeni qütbləşmə və sərt qarşıdurmalar baş verə bilər”. 

Politoloq Sülhəddin Əkbər bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda daxili siyasi aktivlik artır. Həm hakimiyyət, həm də müxalifət, seçkiyə ciddi hazırlıq görür və bu proses fonunda Ermənistanın xarici siyasətində də dönüş nöqtələri müşahidə olunur. Seçkilər isə təkcə daxili deyil, həm də geopolitik qarşıdurma şəraitində keçiriləcək. 

“Regionun gələcəyi üçün Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri həlledici əhəmiyyət daşıyır. Hərçənd Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir, amma yekun sülh müqaviləsi hələ də imzalanmayıb. Zəngəzur dəhlizi məsələsi isə siyasi gərginliyin əsas qütblərindən birinə çevrilib və bu istiqamətdə tərəflər arasında razılaşma yoxdur”. 

Analitik diqqətə çatdırıb ki, regionda gərginliyin artmasının digər əsas səbəblərindən biri də Ermənistanın son illərdə Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursunu seçməsidir. Bununla belə, iqtisadi və təhlükəsizlik baxımından Moskva asılılığının davam etməsi bu keçidi ziddiyyətli və çətin edir. Eyni zamanda, Ermənistan siyasi elitası anlayır ki, Ukrayna müharibəsi səbəbindən Rusiyanın regional nüfuzu zəifləyib və bu boşluğu doldurmaq üçün Qərbdən dəstək axtarılır. Bu fonda Ermənistanda Qərbyönümlü demokratik qüvvələrə dəstək artır, ruspərəst və revanşist qüvvələrə isə daha sərt münasibət sərgilənir. Bu ideoloji qarşıdurma, seçkilər yaxınlaşdıqca daha da kəskinləşəcək.

“Bu geosiyasi çəkilmənin bariz nümunəsi kimi 102-ci Rusiya hərbi bazasının çıxarılması tələbilə keçirilən aksiyaları göstərmək olar. Ermənistan hakimiyyəti anti-Rusiya ritorikası ilə qərbpərəst elektoratı konsolidasiya etməyə çalışır. Bir tərəfdə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya ilə yaxınlaşan demokratik düşərgə, digər tərəfdə isə Rusiya, İran, kilsə, diaspor və revanşistlərdən ibarət anti-demokratik blok formalaşır. Bu isə bölgədə yeni qütbləşməyə və sərt qarşıdurmalara gətirib çıxaracaq”.

Politoloqun qənaətincə, Bakı regiondakı dinamikanı diqqətlə izləməli, ehtiyatlı, qətiyyətli diplomatik və təhlükəsizlik addımları atmalıdır. 

Qeyd edək ki, Ermənistanın “Hraparak” nəşri Paşinyanın qərbpərəstlərə fəallaşmağı və sərt anti-Rusiya aksiyalarına başlamağı tapşırdığını yazıb. 

Töhfə Səməd

tag: Sülhəddin Əkbər,Politoloq,Cənubi Qafqaz,Qarşıdurma,Todaypress.tv,

photo