Bakıdan Moskvaya sərt mesaj: Onlar buna görə cavab verməlidirlər!

Təhlil

28.06.2025 14:10

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması rəsmi Bakı və Moskva arasındakı münasibətlərə ciddi təsir göstərə bilər”.

Milli Məclisin deputatı Naqif Həmzəyev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, baş verən hadisə yalnız hüquqi deyil, həm də diplomatik müstəvidə çoxsaylı suallar doğurur.

“Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı yayımladığı bəyanat tam haqlıdır və hadisəyə olan dövlət reaksiyası da adekvatdır. XİN-in təxirəsalınmaz araşdırma və günahkarların məsuliyyətə cəlb olunması tələbi Azərbaycan dövlətinin bu məsələdə qəti mövqeyini ortaya qoyur”. 

Millət vəkili hesab edir ki, mediada yayılan məlumatlar - saxlanılan şəxslərin bir ailənin üzvləri olması, əməliyyatın konkret Səfərov ailəsinin ünvanlarına yönəlməsi bu məsələdə etnik və ya mənşə əsaslı yanaşma ehtimalını gündəmə gətirir. Bu isə, deputatın fikrincə, Rusiyada son illərdə müşahidə olunan anti-miqrant əhval-ruhiyyəsi ilə birbaşa əlaqəlidir.

“Biz artıq bir neçə ildir ki, Rusiyada miqrantlara qarşı münasibətin sərtləşdiyini müşahidə edirik. Təəssüf ki, bu cür əməliyyatlar bəzi hallarda hüquqi çərçivədən kənara çıxır və konkret etnik qrupları hədəfə alır. Bu isə nə beynəlxalq hüquqa, nə də ikitərəfli münasibətlərin ruhuna uyğun gəlir”, - deyə deputat bildirib.

Parlamentari əlavə edib ki, Azərbaycan dövləti öz vətəndaşlarının və soydaşlarının hüquqlarının pozulmasına heç vaxt laqeyd yanaşmayacaq və bu kimi halların üzərinə qətiyyətlə gedəcək. Rusiya tərəfinin isə bu məsələyə hansı şəkildə reaksiya verəcəyi təkcə ikitərəfli münasibətləri deyil, həm də regiondakı siyasi gərginlik balansını müəyyən edə bilər.

“Yekaterinburqda baş verən hadisə ciddi siyasi və diplomatik siqnaldır. Azərbaycan dövləti bu məsələnin üzərinə prinsipiallıqla getməlidir. İnanıram ki, gedəcək də. Rusiya isə bu narahatlıqları dinləməli və cavabdehliyi dərk etməlidir”, - deyə Naqif Həmzəyev fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. Mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların vəziyyəti ağır qiymətləndirilir. Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Töhfə Səməd

tag: Naqif Həmzəyev,Deputat,Rusiya,Azərbaycanlılar,Todaypress.tv,

photo