Fevralın 10-da Aşqabadda Azərbaycan, Türkmənistan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında dördtərəfli görüş keçirilib.
ADY-dən TodayPress TV-yə verilən məlumata görə, görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Dördtərəfli görüşün yekunu olaraq Orta Dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.
