Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir

Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir
15.07.2026 12:43 Siyasət

İraqın Baş naziri Əli əz-Zeydi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra mühüm mesajlar verdi.

Xüsusilə 30 sentyabra qədər həm ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasını, həm də dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupların silahsızlaşdırılmalı olduğunu xatırlatması diqqət çəkir. Bunlar həyata keçərsə, İraqda uzun illərdir davam edən təhlükəsizlik modelində ciddi dəyişiklik baş verə bilər.

Ən vacib məqamlardan biri dövlətin silah üzərində tam nəzarəti bərpa etmək istəyidir. İllərdir müxtəlif silahlı qrupların mövcudluğu İraq hökumətinin imkanlarını məhdudlaşdırır və ölkədə vahid təhlükəsizlik sisteminin formalaşmasına mane olur. Yeni hökumət bildirir ki, bundan sonra silah yalnız dövlətin əlində olmalıdır. Bu, ölkə daxilində sabitliyin möhkəmlənməsi, hökumətin nüfuzunun artması baxımından vacib yanaşmadır.

Digər diqqətçəkən məsələ ABŞ qoşunlarının çıxarılması ilə yanaşı, Amerika şirkətlərinin İraqda fəaliyyətinin genişləndirilməsidir. Vaşinqton bununla hərbi əməkdaşlıqdan daha çox iqtisadi əməkdaşlığa keçmək istədiyini ortaya qoyur. Xüsusilə enerji və neft sahəsində investisiyaların artacağı gözlənilir. Bununla da İraq üçün yeni iş yerləri, texnologiya və xarici sərmayə imkanları yaranacaq.

Amma qarşıda ciddi maneələr var. İranla yaxın münasibətdə olan bəzi silahlı qrupların silahsızlanmağa razı olub-olmayacağı əsas sualdır. Bu qüvvələrin bir hissəsi indiyə qədər ölkənin təhlükəsizlik sistemində mühüm rol oynadıqlarını bildirir və silahı yerə qoymurlar. Ölkə daxilində siyasi gərginlik və hətta təhlükəsizlik problemləri də yarana bilər.

İran amilini də kənara atmaq olmaz. Tehran uzun illərdir İraqda müxtəlif siyasi və silahlı qruplar vasitəsilə təsir imkanlarını qoruyub saxlayır. Silahsızlaşdırma prosesi bu təsirin zəifləməsini təmin etsə də, İranın buna necə reaksiya verəcəyi regionu düşündürür.

ABŞ qoşunlarının çıxmasından sonra təhlükəsizlik boşluğunun yaranmasından istifadə oluna bilər. Əgər dövlət təhlükəsizlik sistemini tam formalaşdırmağı bacarmasa, İŞİD kimi terror təşkilatlarının qalıqları meydanı boş görəcək. 

İraq rəhbərliyinin ölkədə dövlət institutlarını gücləndirmək və xarici təsirləri azaltmaq məqsədi var. Qarşıdakı aylarda hökumətin silahlı qruplarla münasibəti, İranın mövqeyi və ABŞ-İraq əməkdaşlığının hansı istiqamətdə inkişaf edəcəyi İraqın  taleyini müəyyən edəcək.

Əgər, hökumət planlarını həyata keçirə bilsə, ölkə daha güclü dövlət idarəçiliyinə və daha sabit təhlükəsizlik mühitinə yaxınlaşa bilər. Əks halda İraq yenidən daxili siyasi qarşıdurmalar və regional rəqabət üçün poliqon olacaq.

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər