ABŞ-HƏMAS münasibətləri: Görünən bəyanatlar və pərdəarxası reallıqlar

Siyasət

09.02.2026 20:40

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib ki, əgər HƏMAS rəhbəri “gözləməklə” məqsədinə çatacağını və silahlarını əlində saxlaya biləcəyini düşünürsə, deməli, açıq-aşkar eşitmə problemi var. 

Bəs ABŞ-nin HƏMAS-a qarşı təzyiqləri və hərbi-siyasi tədbirləri daha da sərtləşə bilər? Ümumiyyətlə, bu il ABŞ-HƏMAS münasibətlərində nələr gözlənilir? 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov TodayPress TV-yə açıqlamasında bildirib ki, ABŞ-nin İsrail və HƏMAS-la bağlı siyasəti açıq bəyanatlarla real proseslər arasında fərqlilik göstərir. 


Analitikin sözlərinə görə, ABŞ İsraillə müttəfiqdir və bu, hər iki ölkənin xarici siyasət sahəsində addımlarını koordinasiyalı şəkildə atması deməkdir. O qeyd edib ki, yaxın və ya uzunmüddətli olmasından asılı olmayaraq, ABŞ ilə İsrail arasında atılan addımlar bu günə qədər də olduğu kimi uzlaşdırılmış şəkildə həyata keçirilir. 

Siyasi şərhçi vurğulayıb ki, HƏMAS məsələsinə yanaşmada da görünən və görünməyən tərəflər mövcuddur: 

“HƏMAS əslində İsrail tərəfindən yaradılmış bir təşkilat idi, lakin zamanla İsrailin özünə qarşı çevrildi. Publikaya verilən açıqlamalar bir yana, pərdə arxasında ABŞ-İsrail və ABŞ-HƏMAS münasibətləri tamamilə fərqli məzmun daşıya bilər”. 

S.Hümbətov hesab edir ki, HƏMAS-ın tam ləğvi yalnız liderlərin aradan götürülməsi ilə mümkün deyil. Onun sıradan çıxarılması üçün region dövlətlərinin bu təşkilata verdiyi dəstək kəsilməlidir. Əks halda, liderləri öldürməklə problemi kökündən həll etmək olmaz. 

"Bu prosesdə ABŞ-nin Türkiyə ilə yanaşı, Qətər və İran amillərini də nəzərə alaraq müzakirələr aparmasına ehtiyac var. Bu məsələlər həll olunmadan ABŞ-HƏMAS münasibətlərində açıq və konkret addımlar gözləmək çətindir. Əks halda, münasibətlər soyuq, amma görünməyən bir səviyyədə qalacaq”, - deyə politoloq fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Samir Hümbətov,ABŞ,HƏMAS,İsrail,Todaypress.tv,