Vəbanın yayılma tarixi aşkarlandı
Sağlamlıq
30.03.2026 19:30
Alimlər hesab edirlər ki, Tunc dövründə vəba xəstəliyi sonrakı dövrlərdə olduğu kimi birələr vasitəsilə deyil, insanlar və dırnaqlı heyvanlar arasında birbaşa təmas yolu ilə yayılıb.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub.
Bu nəticəyə təxminən 4 min il yaşı olan ev qoyununun qalıqlarında vəba törədicisinin, Yersinia pestis bakteriyasının qədim DNT-sinin aşkarlanmasından sonra gəlinib.
Tədqiqat zamanı bakteriyanın izləri Cənubi Uralda yerləşən Tunc dövrünə aid Arkaim yaşayış məskənində tapılan qoyun dişindən əldə edilib. Genetik analiz göstərib ki, həmin dövrdə həm heyvanlar, həm də insanlar eyni vəba ştammı ilə yoluxublar. Əvvəllər bu cür izlər yalnız insan qalıqlarında aşkar edilirdi.
Alimlər qeyd edir ki, Tunc dövründəki vəba ştammları orta əsrlərdə böyük itkilərə səbəb olan “Qara ölüm” pandemiyasından fərqlənirdi. Bu qədim bakteriyalarda birələrin içində yaşamağa imkan verən gen olmayıb. Bu da xəstəliyin yayılma yollarının fərqli olduğunu göstərir.
Yeni araşdırmaya görə, ev heyvanları vəhşi heyvanlarla insanlar arasında bir növ “körpü” rolunu oynayıb. O dövrdə çobanlar qoyun, mal-qara və atları geniş ərazilərdə otarır, bu zaman heyvanlar gəmiricilər və digər vəhşi canlılarla tez-tez təmasda olurdu. Nəticədə infeksiya çirklənmiş su, heyvan cəsədləri və ya birbaşa təmas yolu ilə yayıla bilərdi.
Alimlər bildirirlər ki, qoyunlar infeksiyanı insanlara ötürə bilsə də, xəstəliyin əsas mənbəyi ehtimal ki, uzun müddət bakteriyanı daşıya bilən vəhşi gəmiricilər olub.
Genetik analizlər göstərir ki, aşkar edilən ştamm Tunc dövründə Avrasiya boyunca təxminən 2 min il yayılmış vəbanın eyni nəslinə aiddir. Zamanla bakteriya təkamül edərək dəyişib və daha sonralar birələr vasitəsilə yayılmağa uyğunlaşan formalar meydana çıxıb.
Türkan İsgəndərli
tag: Tunc,Vəba,Xəstəlik,Yara,Todaypress.tv,
