Travmatologiya və Ortopediya İnstitutunda “pul tələbi” iddiası – Nazirlikdən cavab

Sağlamlıq

30.10.2025 16:54

Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Əl Cərrahiyyəsi şöbəsinin rəhbəri Fikrət Qafarovun (otaq 103) kabinetində xəstələrdən ödəniş tələb olunduğu barədə TodayPress TV-yə şikayət daxil olub.

Şikayətə əsasən, kabinetin qapısında “Tibbi xidmət ödənişsizdir” yazısı asılsa da, həkim müayinəsi üçün xəstələrdən 20 manat məbləğində ödəniş istənildiyi iddia olunur.

Bildirilir ki, verilən çekdə “İcbari Tibbi Sığorta sizin müayinənizi tam ödəyir” qeydi yer alsa da, buna baxmayaraq, xəstələrdən əlavə pul tələb edilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu TodayPress TV-yə açıqlama verib.

Qurumdan bildirilib ki, əgər vətəndaşın qeyd etdiyi kimi dövlət tibb müəssisəsində həkimin xəstədən pul almasını təsdiq edən faktlar mövcuddursa, bu, cinayət xarakterli hərəkət hesab olunur.

"Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir və vətəndaşlardan qanunsuz ödənişlərin tələb olunması yolverilməzdir", - deyə əlavə edilib.

Məsələni nəzarətdə saxlayacağıq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bakı,Xəstəxana,Şikayət,Rüşvət,Todaypress.tv,