Radiasiya diaqnostika üsulları: Hansı təhlükəlidir, hansı təhlükəsiz?
Sağlamlıq
08.11.2025 19:15
Beynəlxalq Radiologiya Günü çərçivəsində “Tibb” ASC-nin diaqnostika şöbəsinin baş həkimi Oksana Platonova radiodiaqnostika metodlarının şüalanma dozaları və təhlükəsizlik məsələləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, həkimin sözlərinə görə, ultrasəs (USM) və MRT ionlaşdırıcı radiasiya istifadə etmədiyi üçün təhlükəsiz hesab olunur və ildə neçə dəfə aparılmasına məhdudiyyət yoxdur.
Rentgen, fluoroqrafiya, KT, PET/KT və angioqrafiya isə ionlaşdırıcı şüalanma yaratdığı üçün daha yüksək radiasiya dozası verə bilər. Onların içində ən çox şüalanma PET/KT və çoxfazalı qarın KT-si zamanı qeydə alınır — 20–25 mSv-dək.
Platonova bildirib ki, bu müayinələr yalnız göstəriş əsasında aparıldıqda təhlükə daşımır və diaqnostik faydası mümkün riskdən qat-qat yüksəkdir.
Həkim əlavə edib ki, 100 mSv-dən aşağı şüalanmanın insanlarda xərçəng riskini artırdığı sübut olunmayıb. 1 Sv-dən çox kəskin şüalanma isə şüa xəstəliyinə səbəb ola bilər.
Onun sözlərinə görə, təbii fon radiasiya ildə orta hesabla 2–3 mSv təşkil edir. Bəzi bölgələrdə bu göstərici daha yüksəkdir.
Mamoqrafiya orta hesabla 0,4 mSv, döş tomosintezi 0,5–0,8 mSv, döş qəfəsi KT-si isə 5–7 mSv şüalanma verir. Ağciyərlərin aşağı dozalı KT-si 1–1,5 mSv təşkil edir və ildə iki dəfə aparıla bilər.
Angioqrafiyanın dozası 3–15 mSv arasında dəyişir və yalnız zəruri tibbi hallarda tətbiq edilir.
Platonova bildirir ki, tibbi görüntüləmə üsullarının təhlükəsiz tətbiqində əsas prinsiplər bunlardır:
• Göstəriş olmalıdır
• Minimum lazımi doza
• Cəmi doza nəzərə alınmalıdır
Həkim qeyd edib ki, radiodiaqnostikadan qorxmağa ehtiyac yoxdur: “Ən təhlükəli risk gec diaqnozdur”.
Jalə Rövşən
tag: Beynəlxalq Radiologiya Günü,Diaqnostika, Oksana Platonova,Todaypress.tv,
