İİV-ə qarşı peyvənd hazırlandı

Sağlamlıq

31.07.2025 19:15

ABŞ alimləri bildirirlər ki, doğuşdan dərhal sonra uşaqlara vurulan bir gen terapiyası inyeksiyası onları uzun müddət İmmunçatışmazlığı Virusundan (İİV) qoruya bilər. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Təcrübələrə əsasən, körpəyə həyatın ilk həftələrində bu terapiya verildikdə, orqanizm onu "özününkü" kimi qəbul edir və immun hüceyrələr illərlə İİV-ə qarşı müdafiə edən antikorlar (bNAb) istehsal edir. Üstəlik, bu proses təkrar dozalar olmadan davam edir.

Tədqiqat meymunlar üzərində aparılıb. İlk ayda terapiya alan heyvanlar üç il ərzində qorunmuş vəziyyətdə qalıb. Əgər terapiya gecikdirilərsə, təsiri xeyli azalır, çünki immun sistemi bu gen müdaxiləsini daha az qəbul edir.

Bu müalicə "AAV" adlı zərərsiz virus vasitəsilə həyata keçirilir. O, genləri əzələ hüceyrələrinə çatdırır və bu hüceyrələr İİV-in müxtəlif növlərinə qarşı antikor istehsal edən “mini zavod” kimi fəaliyyət göstərir.

Tədqiqatçılar qeyd edirlər ki, dünyada hər gün təxminən 300 uşaq əsasən ana südü ilə İİV-ə yoluxur.

Türkan İsgəndərli

tag: HİV,Virus,Peyvənd,Xəstəlik,Todaypress.tv,