Həkim-terapevt: “Məşqlərdən əvvəl tibbi müayinə mütləqdir”

Sağlamlıq

01.10.2025 17:50

"İdman məşqlərinə ilk dəfə başlayan hər kəs şikayəti olmasa da, əvvəlcə tibbi müayinədən keçməlidir". 

Bunu həkim-terapevt Etibar Süleymanov TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, sürətli idman növləri və kəskin hərəkətlər zamanı ürək-qandamar sisteminə daha çox yük düşür. Bu səbəbdən anadangəlmə ürək qüsurları, revmatik proseslər və digər xəstəlikləri olan şəxslərdə gizli problemlər üzə çıxa bilər:

"Adi halda heç bir şikayəti olmayan insan belə, fiziki yüklənmə zamanı narahatlıq yaşaya bilər. Buna görə də idman salonlarında sağlamlıq haqqında arayışın tələb olunması tamamilə doğrudur".

Həkim əlavə edib ki, hər yaş qrupunun idman rejimi fərqli olmalıdır. İlk dəfə məşqə başlayanlar birdən-birə ağır yüklənmədən çəkinməli, qısa müddətli və sadə hərəkətlərlə başlayaraq yüklənməni tədricən artırmalıdırlar. Belə ki, peşəkar idmançılar üçün gündə 4-6 saat məşq normal sayılsa da, yeni başlayanlar üçün bu, zərərlidir. Hərəkət aktivliyi asta-asta artırılmalıdır. İdmandan sonra təngnəfəslik, ürək nahiyəsində ağrı, halsızlıq və ya təzyiqin düşməsi müşahidə olunarsa, dərhal yenidən həkim müayinəsinə müraciət etmək lazımdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Etibar Süleymanov,Terapevt,İdman,Məşq,Müayinə,Todaypress.tv,

photo