Hava çirkliliyi beyin qanaması riskini artıra bilər
Sağlamlıq
01.08.2025 18:30
ABŞ-nin Yuta ştatında aparılan bir araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında əlaqə ola biləcəyini ortaya çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə araşdırma “npj Clean Air” jurnalında dərc olunub.
Utah Universitetinin alimlərindən ibarət tədqiqat qrupu, hava çirkliliyi ilə tanınan Vasaç Front bölgəsində son 5 ildə beyin anevrizması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 70 xəstənin məlumatlarını təhlil edib.
Tədqiqatçılar müşahidə ediblər ki, bu xəstələrdə beyin qanaması halları, hava çirkliliyi səviyyələrinin ən yüksək olduğu dövrlərdən 3-6 ay sonra artıb.
Ən çox təsir göstərən çirkləndiricilər sırasında ozon, azot dioksid, kükürd dioksid, karbon monoksid və diametri 2.5 mikrometrdən kiçik olan hissəciklər yer alır.
Bununla belə, araşdırma müəllifləri bildirirlər ki, tədqiqat səbəb-nəticə əlaqəsini birbaşa sübut etməsə də, güclü bir əlaqəyə işarə edir. Daha geniş miqyaslı və uzunmüddətli araşdırmalara ehtiyac olduğu vurğulanır.
Aysel Mətləb
tag: Hava çirkliliyi,Beyin qanaması,Araşdırma,Todaypress.tv,