Diabet xəstələrinin 60%-də qaraciyərdə piylənmə var
Sağlamlıq
17.06.2025 18:10
İsveçin Linköping Universitetində aparılan araşdırma göstərib ki, ikinci tip şəkərli diabetdən əziyyət çəkən altı xəstədən biri qaraciyər piylənməsi – tibbi adı ilə metabolik mənşəli yağlı qaraciyər xəstəliyinə yoluxub.
TodayPress TV xəbər verir ki, nəticələr “Journal of Internal Medicine” jurnalında dərc olunub.
Araşdırmada 300-dən çox pasiyentin vəziyyəti analiz edilib və MRT müayinələri nəticəsində onların 59%-ində qaraciyərdə piylənmə əlamətləri aşkarlanıb. Xəstəliyin çox vaxt yüngül keçdiyi bildirilsə də, 7% hallarda erkən sirroz izləri müşahidə edilib. Diabetlə yanaşı artıq çəkisi olan insanlarda bu risk daha yüksəkdir – belə halların sayı demək olar ki, 7 dəfə çoxdur (13%-ə qarşı 2%).
Tədqiqatın müəlliflərindən biri, qastroenteroloq Mattias Ekstedt bildirib ki, həkimlər risk altındakı pasiyentləri daha dəqiq müəyyən edə bilsələr, ağırlaşmaların qarşısını almaq mümkün olar:
“Xüsusilə ağır forma riskini daşıyan şəxsləri vaxtında müəyyənləşdirmək həyati əhəmiyyət daşıyır.”
Mütəxəssislər onu da qeyd edirlər ki, qaraciyər piylənməsi əksər hallarda geri çevrilə bilər. Arıqlamaq və sağlam qidalanma qaraciyərdəki piy miqdarını əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatçılar beş il ərzində eyni pasiyentlər üzərində müşahidələri davam etdirərək xəstəliyin inkişaf dinamikasını və risk faktorlarını daha ətraflı öyrənməyi planlaşdırırlar.
Qiymət Mahir
tag: İsveç,Tədqiqat,Şəkər,Diabet,Todaypress.tv,