Arı sancmasından necə qorunaq? - İlkin tibbi yardımlar!
Sağlamlıq
18.07.2025 17:00
Yay mövsümündə arı sancması halları da çoxalır. Bəzi hallarda bu cür sancmalar sadəcə ağrı və şişkinliklə keçsə də, bəzən həyat üçün təhlükə yarada bilər.
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov TodayPress TV-yə danışarkən bildirib ki, insan orqanizmi arı zəhərinə qarşı həssas olduqda ciddi reaksiyalar baş verə bilər:
"Bədənin müqaviməti zəif və allergiyaya meyilli olanda xəstədə anafilaktik şok əlamətləri qeyd olunur. Belə vəziyyətdə həkim nəzarəti olmadan həyat üçün risk yaranır. Bu cür hallarda ilkin yardım kimi xəstə təcili şəkildə tibb müəssisəsinə çatdırılmalıdır".
Mütəxəssis vurğulayıb ki, əgər insanın vəziyyəti ağırdırsa, nəfəs almaqda çətinlik, tərləmə, ürəkbulanma və ya huşun itməsi kimi hallar varsa, dərhal Təcili Tibbi Yardıma məlumat verilməli və peşəkar müdaxilə gözlənilməlidir.
Ekspert arı sancmasına qarşı allergiyası olanların, xüsusilə uşaqların və yaşlıların diqqətli olmasını tövsiyə edir. Onun sözlərinə görə, belə şəxslər evdən kənarda olduqları zaman özləri ilə allergiyaya qarşı ilkin tibbi vasitələr götürməlidirlər.
Türkan İsgəndərli
tag: Azər Maqsudov,Müdir,Arı,Sancma,Todaypress.tv,
