4-cü Monteneqro Beynəlxalq Profilaktik Pediatriya Konqresi keçirildi
Sağlamlıq
18.06.2025 13:21
12-15 iyun tarixlərində Becici şəhərində 2-ci EPA-UNEPSA (Avropa Pediatriya Assosiasiyası-Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı) Avropa Pediatriyasının Aktual Mövzuları konqresi və 4-cü Monteneqro Beynəlxalq Profilaktik Pediatriya Konqresi keçirilib.
TodayPress TV xəbər verir ki, Birgə konqresdə 50-dən çox ölkədən pediatriya qrumları, ekspertlər və təcrübəçilər pediatriya, profilaktik tibb və ictimai səhiyyədə ən müasir mövzuları araşdırmaq üçün bir araya gəlib.
İştirakçılar plenar iclaslarda, interaktiv seminarlarda və poster təqdimatlarında geniş spektrli innovativ mövzular - probiyotiklərin perspektivləri, peyvəndlər, uşaqların psixi sağlamlığına dair yeni çağırışlar, xroniki qeyri-infeksion xəstəliklərin yaranmasının ilkin patofizyoloji mexanizmləri, neonatologiya, endokrinologiya, pediatriyada təcili yardım, allerqologiya, immunologiya və digər mövzularda çıxış ediblər.
Tədbirin əsas məqsədi yeni konsepsiya və konkret mövzu üzrə müasir tədris və öyrənmə üsullarına əsaslanmaqla, interaktiv öyrənməni dəstəkləyən metodologiyadan istifadə edərək mühazirələr, sual-cavab sessiyası, master-klass və praktiki seminar vasitəsilə pediatrlara və bu sahədə mütəxəsislərə klinik sübut və praktiki təhsilə dair bilgilər verməkdir.
Konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının nümayəndələri – APA-nın sədri, t.ü.f.d., dosent Təranə Tağı-zadə (qrup rəhbəri), təşkilati işlər üzrə ekspert Kamran Muradov, t.ü.f.d., dosent Gülnarə İbrahimova, t.ü.f.d., dosent Sulduz Əhmədova, t.ü.f.d., dosent Ülviyyə Hacıyeva, t.ü.f.d., dosent Aytəkin Adilova, t.ü.f.d., dosent Fəxriyyə Məmmədova, t.ü.f.d., dosent Lalə Hidayətova, t.ü.f.d., dosent Könül Cəfərova və assistent Gülnarə Kərimova – ümumilikdə -- məruzə və poster təqdimatlarla çıxış edərək, ölkəmizdə uşaq sağlamlığı sahəsində aparılan mühüm elmi-tədqiqat işlərini və müasir yanaşmaları beynəlxalq auditoriyaya təqdim ediblər.
Təqdimatlarda aparılan tədqiqatların nəticələri diqqətə çatdırılıb.
Uşaqlarda infeksiyaların allergik təzahürləri mövzusuna həsr olunan təqdimatda erkən yaş dövrünün – xüsusilə də həyatın ilk illərinin – allergik xəstəliklərin inkişafında nə qədər əhəmiyyətli rol oynadığı vurğulanıb. Bildirilib ki, bu dövrdə baş verən infeksiyalar mədə-bağırsaq traktı, tənəffüs yolları və dərinin selikli qişalarına təsir etməklə immun sistemdə balans pozuntularına səbəb olur. Nəticədə isə atopik dermatit, allergik rinit və bronxial astma kimi patologiyaların yaranmasına zəmin formalaşır. Təqdimatda bu proseslərin patogenetik əsasları ilə klinik əlamətlər arasındakı əlaqələr geniş şəkildə təhlil olunub.
"Laktamin" probiotik preparatının yenidoğulmuşlarda klinik effektivliyinin qiymətləndirilməsinə həsr olunmuş təqdimatda erkən neonatal dövrdə bağırsaq mikrobiotasının düzgün formalaşmasının uşağın ümumi sağlamlığı və immun sisteminin tənzimlənməsi baxımından nə qədər vacib olduğu izah olunub. Yerli istehsal olan bu probiotikin bağırsaq funksiyasının normallaşmasına, kolik əlamətlərinin azalmasına və immun cavabın güclənməsinə təsiri klinik müşahidələr və elmi sübutlar əsasında əsaslandırılıb.
Bioetika təhsilinin Azərbaycan Tibb Universitetində formalaşması və tətbiq sahələrindən bəhs edən təqdimatda isə müasir tibdə bioetikanın artan əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahə həkim-pasiyent münasibətlərinin mənəvi və hüquqi aspektlərinin dərk olunmasında mühüm rol oynayır. Təqdimatda bioetika fənninin tədrisi, fənlərarası inteqrasiyalar və gələcək həkimlərin etik davranış baxımından formalaşdırılması istiqamətində görülən işlər təhlil olunub. Azərbaycanda helikobakter pilori bakteriyası ilə yoluxmuş uşaqlarda bağırsaq mikrobiotasının disbalansına dair təqdimatda isə bu infeksiyanın təkcə qastroduodenal narahatlıqlara deyil, həm də bağırsaq mikrobiomuna ciddi təsir göstərdiyi izah edilib. Yoluxmuş uşaqlarda disbioz vəziyyəti, faydalı mikroorqanizmlərin azalması və bunun immun sistemə təsirləri geniş şəkildə şərh olunub. Eyni zamanda müalicə və profilaktik yanaşmalar da təqdim edilib.
Qripli uşaqlarda erkən diaqnostika və adekvat müalicənin ağırlaşmaların qarşısını almaqdakı roluna həsr olunmuş təqdimatda isə vurğulanıb ki, xüsusilə kiçik yaş qruplarında qrip fəsadlara yol aça bilər. Xəstəliyin ilkin simptomlarından başlayaraq laborator diaqnostikanın və antiviral terapiyanın vaxtında aparılması pnevmoniya və bronxiolit kimi ağırlaşmaların qarşısını almaqda mühüm əhəmiyyət daşıyır.
Nəhayət, COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji xüsusiyyətlərini əhatə edən təqdimatda pandemiya sonrası dövrdə ortaya çıxan bu sindromunun xüsusiyyətləri analiz edilib. Bu sindromun sistemik iltihab, ürək-damar və sinir sistemlərinə təsiri, immunoloji mexanizmləri və aparılan müalicə protokolları təhlil olunaraq Azərbaycan təcrübəsinə dair praktiki nümunələr də təqdim edilib.
Azərbaycanı təmsil edən alimlər beynəlxalq tədbirdə fəal iştiraklarına görə rəsmi sertifikatlarla təltif edilərək yüksək dəyərləndiriliblər. Nümayəndə heyətinin fəallığı həm elmi cəhətdən maraq doğurub, həm də ölkəmizin pediatriya sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirib.
Tədbirdə Monteneqronun səhiyyə naziri Vojislav Şimun, Beynəlxalq Pediatrlar Assosiasiyasının (IPA) prezidenti, professor Jozef Haddad, EPA-UNEPSA-nın prezidenti, professor Massimo Pettoello Mantovani, London Uşaq Sağlamlığı İnstitutunun professoru Ser Terens Stefenson və digər nüfuzlu alim və təşkilat rəhbərləri iştirak edərək, gələcəyin pediatriyasına dair strateji baxışlarını, eləcə də uşaq sağlamlığının qorunması sahəsində qlobal çağırışlar və prioritetləri müzakirə ediblər.
Beynəlxalq tədbir həm tibbi təcrübənin elmi əsaslarla təkmilləşdirilməsi, həm də profilaktik tədbirlərin effektivliyi baxımından iştirakçılar üçün mühüm əhəmiyyət daşıyaraq, onların nəzəri biliklərini və klinik bacarıqlarını zənginləşdirməyə, eləcə də müxtəlif ölkələrin təcrübəsini paylaşmaqla multidissiplinar yanaşmaları mənimsəməyə imkan yaradıb, eyni zamanda, gələcək əməkdaşlıqlar üçün peşəkar əlaqələrin qurulmasına zəmin yaradaraq, iştirakçıların beynəlxalq elmi platformalarda fəallığını daha da gücləndirib.
tag: Tibb,Tədbir,Həkim,Azərbaycan,Todaypress.tv,
