“Divanu Luğati’t-Türk” sərgisi Türküstanda açıldı

Mədəniyyət

12.06.2025 16:45

“Divanu Luğati’t-Türk” əsərinə həsr olunmuş sərgi 10 iyun 2025-ci il tarixində Qazaxıstanın Türküstan şəhərində, Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetində açılıb.

TodayPress TV xəbər verir ki, sərgi Türk Dünyası Vəqfi və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, TİKA və Yurtdışı Türklər İdarəsinin dəstəyi ilə həyata keçirilib. Daha əvvəl Bişkek və Astanada nümayiş etdirilən sərgi bu dəfə Türküstanda ziyarətçilərə təqdim olunur.

Sərgidə Kaşğarlı Mahmudun XI əsrdə yazdığı əsərin orijinal tıpkıbasımı, seçilmiş sözlər və atalar sözləri, dövrə aid geyimlər və türk dünyası mərkəzli dünya xəritəsinin müasir versiyası nümayiş olunur. Modelyer Ezgi Karayelin “Divan”dan ilhamla hazırladığı geyimlər də sərgidə yer alıb.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondu rəhbəri Aktotı Raymkulova əsərin türk xalqları üçün ortaq kimlik simvolu olduğunu bildirib. Türkiyənin Türküstandakı baş konsulu İlker Pak türk dilinin qorunmasının vacibliyini vurğulayıb. Türk Dünyası Vəqfi təmsilçisi Osman Özsoy isə “Divan”ın yalnız lüğət deyil, mədəniyyət sənədi olduğunu qeyd edib.

Sərgi 30 iyun 2025-ci ilədək davam edəcək.


tag: “Divanu Luğati’t-Türk”,Sərgi,Türk Dünyası Vəqfi,Astana,todaypress.tv,