Arxeoloqlar batmış qədim şəhəri axtarır

Maraqlı

06.09.2025 13:50

Alimlər qədim dövrdə mühüm ticarət limanı olmuş, IV əsr e.ə.-dən III əsr e.-dək fəaliyyət göstərmiş Tipasa şəhərinin sualtı qalıqlarını araşdırırlar.

TodayPress TV xəbər verir ki, “Arkeonews” yazır: 

“Tədqiqatçılar Aralıq dənizinin dibində aparılan qazıntılar nəticəsində qədim şəhərin rolunu üzə çıxara biləcək artefaktların tapılacağına ümid edirlər”.

Məlumatlara görə, layihənin ikinci mərhələsi artıq başlayıb və bu, UNESCO-nun tövsiyələri ilə bağlıdır. 

“Fokus”un məlumatına görə, təşkilat Əlcəzairi arxeoloji ərazinin mühafizə zonasını genişləndirməyə çağırıb. 

Ekspedisiyada dalğıclar, dəniz arxeoloqları, Milli Dəniz Muzeyi, Mədəni İrsin Mühafizəsi üzrə Milli İdarə və Bu İsmayıl adına Dəniz Tədqiqatları Mərkəzinin mütəxəssisləri iştirak edir.

Arxeoloqlar ötən ilin aprelində keçirilən ilk ekspedisiyada tapılan artefaktları üzə çıxarmağı və tədqiqatı davam etdirməyi planlaşdırırlar. O vaxt amforalar, daş tikililər və qayaya oyulmuş qurğular aşkarlanmışdı. Tədqiqatçı Rafik Xelafın sözlərinə görə, anbarların, sisternaların və qayaya oyulmuş körpünün mövcudluğu qədim limanın mövcudluğunu təsdiqləyir.

Hazırkı ekspedisiya sentyabradək davam edəcək. Alimlər eyni zamanda Roma öncəsi finikiyalı limanının mümkün izlərini də araşdırır. Onların fikrincə, yalnız yeni dalışlar və elmi analizlər tapıntıların əsl mahiyyətini ortaya qoya bilər.

Qeyd edək ki, Tipasa Şimali Afrikanın ən görkəmli arxeoloji abidələrindən sayılır. Burada saxlanılan bazilikalar, teatrlar, hamamlar, nekropollar və mozaikalar şəhərin bir vaxtlar mədəniyyət və ticarət mərkəzi kimi necə çiçəkləndiyini göstərir.

Töhfə Səməd

TodayPress TV

tag: Alimlər ,Qədim dövr,Ticarət limanı,UNESCO,Todaypress.tv,