Zəngəzur dəhlizi ilə bağlı TARİXİ ADDIM: Regionda mədəni-iqtisadi BUM YAŞANACAQ
İqtisadiyyat
22.08.2025 19:45
“Bu gün sülh və rifah naminə Zəngəzur dəhlizi ilə bağlı önəmli bir addım atıldı – Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin təməli qoyuldu. Bu layihə həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyət daşıyır”.
İqtisadçı ekspert Elman Sadıqov bunu TodayPress TV-yə danışarkən bildirib.
O, bir məqama aydınlıq gətirib ki, layihənin tikintisi Qarsdan başlayır, İğdır və Aralıqdan keçərək Dilucuya qədər uzanır. Türkiyə dəmiryolu sistemi ilə Naxçıvandan gələcək qatarın birləşəcəyi hissə məhz Dilucu tərəfidir. Azərbaycandan baxıldıqda isə marşrut Dilucu-Aralıq-İğdır-Qars istiqamətində hərəkət edəcək.
“Bu xətt iki istiqamətlidir, ümumi uzunluğu 224 kilometrdir. İllik sərnişin daşıma gücü 5 milyon nəfər, yük daşıma gücü isə 15 milyon tondur. Bu rəqəmlər Zəngəzur dəhlizinin potensial illik daşımalarını ifadə edir. Layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmir, eyni zamanda Çindən Britaniyaya qədər uzanan Orta Dəhlizin bir hissəsini təşkil edir. Belə ki, bu dəmiryolu vasitəsilə Çində yüklənmiş mallar Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyə ərazisindən keçərək Avropaya çatdırıla bilər. Layihə həmçinin Türkiyənin daxili logistika dövriyyəsini də artıracaq və ölkənin dəmiryolu şəbəkəsinin beynəlxalq əhəmiyyətini yüksəldəcək”.
Ekspert dəmiryolunun Azərbaycan üçün iqtisadi nəticələrindən də danışıb. Belə ki, xüsusilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında mal və məhsul dövriyyəsinin sürətlənməsi baxımından bu layihə olduqca vacibdir. Hətta, hazırda əsas müzakirə məsələsi olan Zəngəzur dəhlizi anlayışı da məhz Qars-İğdır-Aralıq-Dilucu xətti ilə birbaşa əlaqəlidir. Çünki bu marşrut həmin dəhlizin tərkib hissəsidir.
“Əgər bu marşrut olmasaydı, Zəngəzur dəhlizi və Orta Dəhliz üçün yeni alternativlər axtarmalı olacaqdıq. Bundan başqa, dəhlizin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də iqtisadi fürsətlər yaradır. Ermənistan məhsullarının Türkiyə, Avropa və Yaxın Şərq bazarlarına çıxışı asanlaşacaq. Eyni zamanda, Azərbaycan məhsulları da bu marşrut vasitəsilə Avropaya rahat şəkildə daşına biləcək. Bundan əlavə, Şimal-Cənub dəhlizi ilə gələn yüklər də bu istiqamətdən istifadə edərək Avropa bazarlarına yönləndirilə bilər”.
O diqqətə çatdırıb ki, layihənin önəmli aspektlərindən biri də turizm potensialıdır. Sərnişin qatarlarının istifadəyə verilməsi ilə bölgələr arasında səyahət daha rahat və iqtisadi baxımdan əlçatan olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş intensivləşəcək. Bu, eyni zamanda Ermənistan, Türkiyə və digər region ölkələri ilə turizm əlaqələrinin inkişafına da təkan verəcək.
“Dəmiryolu nəqliyyatı artıq daha sürətli, komfortlu və qənaətcildir. Bu dəhliz vasitəsilə həm ixrac potensialı genişlənəcək, həm də bölgədə turizm bumu yaşana bilər. Hətta gələcəkdə Azərbaycan və Ermənistan arasında qarşılıqlı turizm axınları da mümkündür. Türkiyə üzərindən Suriya, Körfəz və Balkan ölkələrinin vətəndaşlarının da Azərbaycana səyahəti asanlaşacaq”.
E.Sadıqovun qənaətincə, bu layihə yalnız ticarət və turizm deyil, həm də regional əməkdaşlıq və sülhün təşviqi baxımından da mühüm rola malikdir. İqtisadi və mədəni əlaqələrin genişlənməsi, Qafqazda davamlı sabitliyin təmin olunması bu infrastrukturun əsas hədəflərindəndir.
“Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulması Zəngəzur dəhlizinin reallaşması prosesinin artıq praktik mərhələyə qədəm qoyduğunu göstərir. Bu, sadəcə iqtisadi layihə deyil, eyni zamanda bölgədə sülh, əməkdaşlıq və inteqrasiyanın təməl daşıdır”, - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilib.
Layihə çərçivəsində 5 tunel, 19 açılıb-qapanan tunel, 3 viyadük, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü kanal inşa ediləcək.
Dəmiryolu xəttinin 2029-cu ilin sonunadək tamamlanması planlaşdırılır.
Töhfə Səməd
tag: Zəngəzur dəhlizi,Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu,Elman Sadıqov,Türkiyə ,Todaypress.tv,