Zamin durmayın, çünki borcu sizdən tuta bilərlər - Ekspert xəbərdarlıq edir
İqtisadiyyat
15.10.2025 15:16
Bankdan kredit götürən borcalan pulu qaytarmadıqda, öhdəlik avtomatik olaraq zaminin üzərinə düşür. Lakin hər zaman bu qayda keçərli olmaya bilər.
Bəzi hallarda zamin borcu ödəməkdən azad ola və ya məsuliyyətdən qismən xilas ola bilər.
Bəs zamin hansı hallarda krediti ödəməyə bilər?
Bank üzrə ekspert Əkrəm Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, zaminlik özlüyündə borc öhdəliyidir və krediti götürən şəxs borcunu ödəmədiyi halda məsuliyyət zaminin üzərinə düşür.
Onun sözlərinə görə, banklar və digər borc verən qurumlar əvvəlcə borcu əsas borcalandan almağa çalışır. Əgər borcalanın pulu, əmlakı və ya gəliri kifayət etmirsə, bu zaman zaminin əmlakına və gəlirinə yönəlirlər:
"Zamin yalnız iki halda krediti ödəməkdən azad edilə bilər. Birinci hal, kreditin müddəti bitdikdən sonra bir il ərzində bankın məhkəməyə müraciət etməməsidir. Bu halda zaminlik öhdəliyi avtomatik qüvvədən düşür.
İkinci hal isə, kredit müqaviləsinə zaminin razılığı olmadan dəyişiklik edildiyi zaman olur. Əgər kredit müqaviləsinə zaminin vəziyyətini ağırlaşdıran dəyişikliklər edilərsə və zaminin razılığı alınmazsa, bu halda zaminlik xitam tapır. Çünki zamin üç ilə zamin durubsa, dörd ilə görə məsuliyyət daşımır".
Ekspert vurğulayıb ki, bir çox insanlar hüquqi nəticələri düşünmədən zamin olurlar və sonradan çətin vəziyyətə düşürlər:
"İnsanlar deyirlər ki, "mən niyə ödəməliydim?". Zamin durmusansa, deməli, ödəməlisən. Buna görə də çalışın, heç kimə zamin durmayın. Durursunuzsa da, elə adama görə durun ki, sabah onun borcunu sizdən tutsalar, sizi yandırmasın".
Əkrəm Həsənov əlavə edib ki, zamin krediti ödədikdən sonra həmin məbləği əsas borcalandan məhkəmə qaydasında tələb edə bilər, lakin bu, çox hallarda praktik nəticə vermir.
Türkan İsgəndərli
tag: Əkrəm Həsənov,Ekspert,Kredit,Zamin,todaypress.tv,
