İxrac edilən qeyri-neft-qaz məhsullarının həcmi artdı

İqtisadiyyat

08.06.2025 09:30

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədən ixrac olunan qeyri-neft-qaz məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 98,2 milyon dollar artaraq 771,9 milyon dollara çatıb.

MTM-dan TodayPress TV-yə bildirilib ki, son 5 ildə qeyri-neft-qaz məhsullarının ən yüksək ixrac həcmi 2023-cü ilin I rübündə 912,2 milyon dollar məbləğində qeydə alınıb.

Cari ilin I rübündə qeyri-neft-qaz məhsulları üzrə ən çox gəlir gətirən ixrac məhsulu meyvə-tərəvəz olub. İlk 3 ayda xarici ölkələrə 153,4 milyon dəyərində meyvə-tərəvəz ixrac olunub və bu da ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 19,9 faizini təşkil edib.

İkinci sırada 87,2 milyon dollar dəyərində ixrac ilə kimya sənayesi məhsulları yer alıb. Bu məhsullar qeyri-neft-qaz məhsulları üzrə ixracın 11,3 faizini təşkil edib.

İlk üçlüyü 81,7 milyon dollar ilə plastik və ondan hazırlanan məmulatların ixracı tutub. Bu məhsullar da öz növbəsində qeyri-neft-qaz məhsulları üzrə ixracın 10,6 faizinə bərabər olub.

Qeyd edək ki, bu dövr ərzində 53 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 45,1 milyon dəyərində pambıq, 24,4 milyon dəyərində elektrik enerjisi və 18,4 milyon dəyərində qara metal və ondan hazırlanan məmulatlar ixrac olunub.

tag: Neft,Qaz,İxrac,İqtisadiyyat,todaypress.tv,