Azərbaycanda iqtisadi artım 4 faizə yaxın olub - AÇIQLAMA
İqtisadiyyat
02.06.2025 11:56
“Son illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 4 faizə yaxın olub və yalnız pandemiya dövrü istisna olmaqla, digər illərdə inkişaf tempi qorunub saxlanılıb. Bu isə ölkənin iqtisadi dayanıqlığından və aparılan islahatların düzgünlüyündən xəbər verir”.
Milli Məclisin deputatı Vüqar Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunda həyata keçirilən islahatlar ümumi daxili məhsulda (ÜDM) artımın sabitliyinə ciddi təsir göstərir:
“Hazırda bu sektor iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə, drayverinə çevrilib. Dövlət büdcəsinin təxminən 38 milyard manatlıq gəlirlərinin yarıdan çoxu da məhz qeyri-neft sektoru hesabına formalaşır".
Millət vəkili bildirib ki, ÜDM-dəki artımın əsas hissəsi neftdənkənar sahələrin inkişafı ilə bağlıdır. Bu isə Azərbaycanın enerji asılılığından uzaqlaşaraq daha şaxələndirilmiş və inklüziv iqtisadi modelə keçdiyini göstərir.
"2025-ci ilin ötən dövrü üzrə yekunları da bu sabit tendensiyanı təsdiqləyir. Belə ki, iqtisadi artım və qeyri-neft məhsullarının istehsalı və ixracı artmaqda davam edir. Bu meyillər həm ixrac strukturunun diversifikasiyası, həm də iqtisadi inkişafın sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə o əlavə edib.
Sonda parlamentari vurğulayıb ki, hazırkı artım tempi inklüziv və dayanıqlı iqtisadi sistemin formalaşmasına şərait yaradır və bu, gələcək illərdə də sabit iqtisadi artımın qorunacağına əsaslı ümid verir.
Qeyd edək ki, Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”nun rəsmi açılış mərasimindəki çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Töhfə Səməd
tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,İqtisadiyyat,Todaypress.tv,
