Süni intellekt 5 milyon ağciyər rentgenini yoxladı
İKT
11.06.2025 13:34
"AstraZeneca" şirkəti, səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən "Qure.ai" ilə birgə həyata keçirdiyi layihə çərçivəsində süni intellektin (AI) köməyi ilə 5 milyon ağciyər rentgen görüntüsünü analiz edərək potensial ağciyər xərçəngi riskini daşıyan düyünləri müəyyənləşdirib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumata əsasən, bu texnologiya sayəsində 50 min nəfər daha ətraflı müayinələr və diaqnostik prosedurlar üçün ixtisaslaşmış mərkəzlərə yönləndirilib və onlara erkən diaqnoz imkanı yaradılıb.
Türkiyədə isə 3 əsas səhiyyə mərkəzində təxminən 200 min ağciyər rentgeni süni intellekt dəstəyi ilə yoxlanılıb.
Qeyd edək ki, Ağciyər xərçəngi dünyada ölümə səbəb olan əsas xəstəliklərdən biri olaraq qalır. 2022-ci ildə bu xəstəlik 1,8 milyondan çox insanın həyatına son qoyub. Statistikalar göstərir ki, xəstələrin 50%-dən çoxunda xərçəng gec mərhələlərdə aşkarlanır və bu zaman 5 illik sağ qalma faizi 10%-dən də aşağı olur. Əksinə, erkən mərhələdə aşkarlanan hallarda sağ qalma faizi 68%-dən 92%-ə qədər yüksəlir.
Xəstəlikdən ölüm hallarının təxminən 70%-i isə aşağı və orta gəlirli ölkələrdə baş verir ki, bu da həmin ölkələrdə diaqnostika imkanlarının məhdud olduğunu göstərir.
Töhfə Səməd
tag: AstraZeneca,Qure.ai,Süni intellekt,Xərçəng ,Diaqnoz,todaypress.tv,