Mesajlaşma sistemlərindəki təhlükələr nələrdir? - Ekspert açıqladı

İKT

02.09.2025 15:09

“Son vaxtlar “Telegram” üzərindən göndərilən “şübhəli link” hücumları ciddi təhlükələr yarada bilər”. 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bunu TodayPress TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, “Telegram” üzərində fişinq və zərərli proqram (malware) linkləri vasitəsilə risklər mövcuddur. 

“Link sizi “Telegram” və ya başqa bir xidmətin saxta giriş səhifəsinə və ya zərərli fayl, proqram yükləməyə yönləndirə bilər. Burada daxil etdiyiniz giriş məlumatları, OTP və ya iki faktorlu autentifikasiya (2FA) kodları, kredit kartı məlumatı, şəxsi sənədlər kimi həssas məlumatları oğurlana bilər”. 

Mütəxəssis diqqətə çatdırıb ki, nəticədə hesabınıza müdaxilə edilir, kontaktlarınıza yeni linklər göndərilir, maliyyə əməliyyatları icazəsiz həyata keçirilir, toplanan məlumatlar isə darknetdə satışa çıxarılır. Hesabınızdakı şəkillər və sənədlər şantaj məqsədilə də istifadə oluna bilər. Daha təhlükəlisi, cihazınıza “malware”, “keylogger” və ya uzaqdan idarəetmə proqramı yerləşdirilir. 

“Ümumiyyətlə, göndərilən məlumatın məzmununa baxmaq lazımdır. Bəzən etibarlı kontaktdan sizə “şəkilləriniz” və ya digər reklam məqsədli məlumatlar və linklər göndərilə bilər. Həmin adamla birbaşa əlaqə saxlayıb vəziyyəti dəqiqləşdirmək lazımdır. Həmin mesajı açmadan silmək tövsiyyə olunur. Hər zaman gələn mesaj və zənglərə qarşı diqqətli olmalıyıq”, - deyə B.Əliyev fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

tag: Bəhruz Əliyev,Ekspert,Mesajlaşma,Risk,Todaypress.tv,

photo