Millimiz tarixi ənənəni heç etdi

İdman

06.09.2025 10:16

Mən sonuncu dəfə futbol millimizi Reykyavik turnesinə, daha dəqiq, Dünya çempionatının seçmə mərhələsinə 15 saat qalmış D qrupunda birinci yerdə gördüm. Yenə xəyallarım qrup komandalarının əlifba sıralaması ilə düzülüşü zamanı gerçəkləşdi. Zirvədə yer alan Azərbaycan Fransa, İslandiya və Ukrayna kimi rəqiblərinə yuxarıdan aşağı baxırdı.

TodayPress TV xəbər verir ki, bu analoqu olmayan hadisə növbəti seçmə mərhələnin başlanğıcında baş verib.

Sonrası isə hamıya məlumdur. Yığma növbəti fiaskoya İslandiya millisi ilə səfər matçında uğradı – 0:5.

Millinin vəziyyətindən xəbərdar olanlar bildirirdilər ki, oyunqabağı komandada normal, “raboçi” ab-hava hökm sürüb. Söz yox ki, İslandiya səfəri çətin səfər idi. Adalı dövlətin topçuları rəqib kimi çətin rəqib sayılsalar da, yenilməz və qorxulacaq qədər deyildilər.

İslandiyadan 1 xal gətirə biləcəyimizi düşünürdüm. Çünki əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edən “buzlar ölkəsi”ndən fərqli olaraq, yığması cari mövsüm nəsildəyişmə prosesindən keçir. Problemli milli ilə oynamaq, hətta udmaq da olardı. Amma sən saydığını say, gör fələk nə sayır.

Əgər qapıda Şahrudin olmasaydı, Аrnar Qunnlauqssonun komandası ilə qarşılaşmada qol sayı 5-i də ötüb keçərdi. Qolkiperimiz “Leyqardalsvedlyurd”da Palsson (45+2), Youhannesson (47), (56), Qyudmyundsson (67) və Hlinsson (73) qarşısında büdrəsə də, digər ssonlara baş ağrısı oldu. Başqa sözlə, komanda yoldaşları baxımsız “oyunla” Məhəmmədəliyevi o ki var tərlətdilər.

Uzun sözün qısası, indiyə qədər nə klub, nə də milli səviyyədə uduzmadığımız islandlar, bu dəfə Fernandu Santuşun kollektivinə futbol dərsi keçdilər. Halbuki 2008-ci ildə Berti Foqtsun rəhbərliyi altında Reykyavik qarşılaşması 1:1 hesabıyla bitmişdi. 17 ildən sonra islandlar bacarıqlarını ortaya qoydular. Nəticə isə göz qabağındadır – 5:0.

Odur ki, sentyabrın 9-da xəstələrin, qocaların, psixikası pozulmuş insanların televiziya ekranlarından uzaqlaşdırılması məsləhətdir. Çünki həmin gün saat 20:00-da Azərbaycan - Ukrayna oyunu başlayacaq. Sizə xəbərdarlıq edirəm və bu vaxt oyunun yayımlanacağı kanalı açmamağı məsləhət görürəm. Əsəblərinizə, xüsusən də sağlamlığınıza diqqət edin.

Namiq HUN

TodayPress TV

tag: Millimiz,Dünya çempionatı,Azərbaycan,Fransa,Todaypress.tv,