“Klivlend” Lebrona görə nəyi qurban verməlidir?

İdman

30.06.2025 10:08

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəvi basketbolçusu Lebron Ceyms karyerasını başladığı və 2016-cı ildə çempion olduğu “Klivlend Kavalyers” klubunda başa vura bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Yahoo Sports”un tanınmış analitiki Kevin O’Konnor məlumat yayıb.

Bildirilir ki, ssenarinin reallaşması üçün “Klivlend” ciddi maliyyə qərarları verməli olacaq:

“Əgər “Kavalyers” Lebronu geri qaytarmaq istəyirsə, maaş limitinin ikinci həddindən aşağı düşməlidir. Bu isə Carrett Allen, Darius Qarlend və yəqin ki, Maks Stras kimi oyunçularla vidalaşmağı tələb edəcək. Lebron artıq çempionluq zəmanəti verən oyunçu deyil və cəmi bir mövsüm komandada qala bilər. Bu, böyük riskdir”, – deyə O’Konnor bildirib.

Analitik qeyd edir ki, Allen pley-off mərhələlərində zəif çıxış edir, Qarlend isə fiziki baxımdan zəif müdafiəçidir. Onların əvəzində daha uyğun oyunçular almaq və komandanı Donovan Mitçell və Evan Mobli ətrafında yenidən qurmaq “Kavalyers” üçün ağıllı strategiya ola bilər.

“Bu cür transfer yalnız Lebronun gətirdiyi qısamüddətli şans deyil, həm də uzunmüddətli uğurların təməlini qoya bilər. Bu isə çox mürəkkəb və güman ki, üçüncü klubun iştirakı ilə həyata keçiriləcək bir razılaşma olacaq”, – deyə O’Konnor fikrini tamamlayıb.

Qeyd edək ki, hazırda Lebron Ceyms “Los-Anceles Leykers” klubunun formasını geyinir.

Namiq HUN

tag: Klivlend,Lebron,NBA,Basketbol,Todaypress.tv,