Hidayət Heydərov: “Bütün titulları ikiqat artırmaq istəyirəm”
İdman
11.06.2025 15:02
Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib.
TodayPress TV xəbər verir ki, EJU məqaləni “O hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir” başlığı altında təqdim edib.
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacaq. 73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü il əlamətdar olub. O, həmçinin dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atıb.
O, son Avropa çempionatında tatamiyə qayıtmaq istəyirdi. Lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilməyib. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.
“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlmək istəyirəm” - 27 yaşlı cüdoçu deyib.
Onun motivasiyası hələ də yüksəkdir:
“Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”.
Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib:
“Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”.
Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib.
“Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur - yalnız irəli,” - təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.
Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib:
“Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır,” – deyə Heydərov bildirib.
Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmaq üçün ciddi şəkildə hazırlaşıb.
Namiq HUN
tag: Cüdo,Hidayət Heydərov,Titul,Medal,Todaypress.tv,