"Formula-1" pilotunun maşını hərraca çıxarılır
İdman
05.09.2025 10:10
Belçikanın Knokke-Heist şəhərində 10 oktyabrda keçiriləcək "Broad Arrow" hərracında sabiq "Formula-1" pilotu Daniel Rikkyardo üçün xüsusi olaraq istehsal olunmuş "Aston Martin Valkyrie" satışa çıxarılacaq.
TodayPress TV xəbər verir ki, avtomobilin dəyərinin 2,4-2,8 milyon avro arasında olacağı gözlənilir.
2023-cü ildə istehsal edilən hiperkar Edrian Nyui tərəfindən layihələndirilib və 6,5 litrlik "Cosworth V12" atmosfer mühərriki ilə təchiz olunub. Elektromotorla birlikdə bu güc qurğusu 1176 at gücü (865 kVt) hasil edir. Maşın 100 km/saata cəmi 2,6 saniyəyə sürətlənir, maksimal sürəti isə elektronika ilə 350 km/saat səviyyəsində məhdudlaşdırılıb.
Xatırladaq ki, Daniel Rikkyardo 2011–2024-cü illərdə Formula-1-də çıxış edib, 8 qələbə qazanıb, o cümlədən 2018-ci il Monako Qran-prisini. O, sonuncu dəfə 2024-cü ilin sentyabrında Sinqapur Qran-prisində yarışıb və bundan sonra heç bir rəsmi turnirdə starta çıxmayıb.
Töhfə Səməd
tag: Belçika,Knokke-Heist ,Formula-1,Daniel Rikkyardo,Todaypress.tv,