Donçiçin ianəsi Dallas futbol komandasını Milli Kuboka çıxartdı
İdman
31.05.2025 16:30
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “Los-Anceles Leykers” klubunun ulduz oyunçusu Luka Donçiç şəxsi vəsaiti hesabına Dallasın Fort-Uert bölgəsində fəaliyyət göstərən məktəbli futbolçulara və gənclər idmanına dəstək məqsədilə GoFundMe platformasında təşkil olunan 12 ianə kampaniyasına yardım edib.
TodayPress TV xəbər verir ki, onun yardımı yerli həvəskar futbol komandasının ABŞ Milli Kubokuna vəsiqə qazanmasına səbəb olub.
Donçiçin ianəsi ilə komanda üçün yeni idman geyimləri, forma və turnir səfərlərinin xərcləri qarşılanıb.
Komandanın baş məşqçisi Cenna Fejranın sözlərinə görə:
“Bəzi oyunçularımızın iştirak haqqı və turnir xərclərini ödəməyə imkanı yox idi. Biz kampaniya başladaraq 5000 dollar toplamağı hədəflədik. Artıq 3800 dollar toplanmışdı ki, qəfil bildiriş gəldi – vəsait tam yığılıb. Hesaba daxil olanda Donçiçin 1200 dollar ianə etdiyini gördüm. Bu vəsaitlə yalnız bütün xərcləri bağlamadıq, əlavə bir turnirdə də iştirak etdik və qalib gəldik.”
Qeyd edək ki, komanda Texas ştatının US Club kubokunun sahibi olub və indi Denverdə keçiriləcək ABŞ Milli Kubokunda iştirak edəcək.
Namiq HUN
tag: ABŞ,Basketbol,İanə,Futbol,Todaypress.tv,