Azərbaycan millisi Ukrayna ilə bərabərə qaldı
İdman
09.09.2025 22:44
Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.
TodayPress TV-nin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.
O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.
Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
tag: Futbol, Ukrayna, Azərbaycam,Milli, todaypress.tv,