Raqif Abbasovun məhkəməsində şahidlər ifadə verdi
Hadisə
09.07.2025 12:18
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlərin ifadəsi dinlənilib.
Şahid Sirac Axundov bildirib ki, o, Gənclər və İdman Naziriyində əsasən, döyüş, güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub: “Mən sambo, güləş, karate idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışırdım. Bu yarışlar plan təqvimi üzrə təşkil olunurdu. Bunlar üçün də müəyyən vəsait ayrılırdı. Yarışlar bəzən saat 22-23-dək davam edirdi və əlbəttə, nəqliyyat xərcləri də ödəməli olurduq. Belə yarışlar üçün ayrılmış vəsait mənim şəxsi kart hesabıma köçürülürdü. Bankdan onu çıxarıb gətirib plan üzrə xərcləyirdim. Elə vaxt olurdu ki, həmin plandan əlavə yarışlar da keçirirdik və qalibləri mükafatlandırırdıq. Belə yarışlar üçün əlavə xərcləri Eldəniz Qulamovdan alırdım. Çünki ümumi vəsait onda olurdu. Eldəniz Qulamov həmişə bunun qeydiyyatını aparırdı və ayın axırı hesabatda göstərirdi”.
Hakim Eldəniz Qulamovdan pulun bu qaydada çıxarılmasının səbəbini soruşub. Eldəniz Qulamov bildirib ki, anidən yaranan əlavə xərclər üçün pulu kartdan çəkmək uzun və çətin prosedur olduğu üçün belə bir addıma əl atıblar: "Yarışlarda birdən hansısa xərc yaranırdı. Məsələn, idmançılara yol üçün 5-10 manat artıq pul lazım olurdu. Əlbəttə, bu xərcin bank kartından nağdlaşdırılması və bankla razılaşdırılması ilə getdiyi üçün həm prosesi ləngidirdi, həm də komissiya ödədiyimiz üçün əlavə xərc yaranırdı. Buna görə pulu nağd çıxarıb, özümüzdə saxlayıb, oradan lazımi məqsədlərə xərcləyib, qeydiyyat aparırdıq”.
Dövlət ittihamçısı belə əməliyyatın aparılmasının qanuni olmadığını qeyd edib. Onun suallarını cavablandıran şahid əlavə edib ki, o, 500 manat maaş almasına baxmayaraq, artıq yaranan xərcləri öz cibindən qarşılayıb. Ayın sonunda isə həmin ödənişləri Eldəniz Qulamovdan geri alıb.
Növbəti proses iyulun 23-nə təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb. İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.
tag: Rafiq Abbasov,Şahid,Məhkəmə,Proses,Todaypress.tv,