İlk dərs günündə yollarda hərəkət iflic olacaq? – AÇIQLAMA
Gündəm
01.09.2025 12:37
Artıq dərs ilinin başlamasına sayılı günlər qalıb.
Məlum olduğu kimi, hər ilin bu günləri paytaxt yollarında sıxlıq müşahidə olunur.
Bəs görəsən, bu il sıxlığı azaltmaq üçün hazırlıq prosesi başlayıb?
"Paytaxtda dərs ilinin başlanması ilə bağlı nəqliyyatın hərəkətinə xüsusi hazırlıq tədbirləri görülməyib".
Nəqliyyat eksperti İlqar Hüseynov bunu TodayPress TV-yə şərh edərkən bildirib.
Ekspert vətəndaşlara tövsiyə edib ki, valideynlərin uşaqlarını məktəbə aparmaq üçün şəxsi avtomobillərdən az istifadə edərək ictimai nəqliyyata üstünlük verməsi arzuolunandır.
Xüsusilə bəzi özəl təhsil mərkəzlərində olduğu kimi, ümumilikdə məktəblərin də “schoolbus” (məktəb avtobusu) sistemi təşkil oluna bilər.
"Əlbəttə, hər bir vətəndaşın şəxsi avtomobilindən istifadə etmək hüququ var. Kiməsə bunu qadağan etmək mümkün deyil. Amma şəxsi nəqliyyatdan istifadənin azalması tıxacların da azalmasına səbəb ola bilər. Bu baxımdan Təhsil Nazirliyi və aidiyyəti qurumlar televiziya və ya digər kütləvi informasiya vasitələri ilə ictimai çağırışlar etməlidirlər", - deyə İ.Hüseynov vurğulayıb.
Ekspertin sözlərinə görə, paytaxtın infrastrukturunda tıxacların qarşısını ala biləcək ciddi yeniliklər yoxdur.
Aysel Mətləb
tag: Tıxac,Dərs ili,Yol hərəkəti,Açıqlama,Todaypress.tv,