“Gələcək dünya nizamının əsas oxu ABŞ-Çin münasibətləri olacaq” – Ramiz Yunus yazır...

Gündəm

17.03.2026 11:26

Keçən əsrin doxsanıncı illərinin əvvəllərində dünya nadir bir tarixi an yaşayırdı — demək olar ki, ümumi eyforiya anını. Sovet İttifaqının dağılması Qərbdə bir çoxları tərəfindən sadəcə geosiyasi qələbə kimi deyil, həm də bir siyasi ideyanın bütün digərləri üzərində qəti zəfəri kimi qəbul edildi. Elə görünürdü ki, böyük ideoloji qarşıdurmalar əsri başa çatdı, inqilablar, dünya müharibələri və qlobal bloklar dövrü sona yetdi.


Məhz həmin dövrdə amerikalı politoloq Frensis Fukuyama öz məşhur “Tarixin sonu və son insan” kitabını nəşr etdirdi. Orada səhvən iddia edirdi ki, liberal demokratiya bəşəriyyətin siyasi inkişafının son formasıdır. Onun fikrincə, tarix öz son nöqtəsinə çatmışdı. Bundan sonra isə yalnız artıq qalib gəlmiş modelin yayılması qalırdı.


Bu çox gözəl və inandırıcı səslənirdi, lakin ötən onilliklər göstərdi ki, bu, XX əsrin sonunun ən böyük intellektual illüziyalarından biri idi. Çünki tarix bitmədi, o, sadəcə yeni bir fəsil açdı.

SSRİ-nin dağılmasından sonrakı otuz beş il 1991-ci ildə bitənin tarix yox, yalnız onun bir dövrü olduğunu ən aydın şəkildə sübut etdi. Dünya yeni bir reallığa daxil oldu və bu reallığa nə siyasi, nə institusional, nə də psixoloji baxımdan hazır idi. Məhz bu da bugünkü qlobal nizamsızlığın əsas səbəbidir.


1945-ci ildən sonra beynəlxalq sistem sərt və aydın güc balansı üzərində qurulmuşdu. Dünya iki düşərgəyə bölünmüşdü. Bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Sovet İttifaqı və sosialist blok dayanırdı. Bu balans təhlükəli, gərgin, bəzən nüvə fəlakətinin astanasında olsa da, ən mühüm xüsusiyyətə — sabitliyə malik idi.

İki supergüc, eyni zamanda həm rəqib, həm də qlobal xaosun qarşısını alan məhdudlaşdırıcı qüvvələr idi və qarşılıqlı məhvolma qorxusu paradoksal sabitlik forması yaradırdı.


Sovet İttifaqı yox olduqda isə bu balans dağıldı. Lakin “Soyuq müharibə” dövründə yaradılmış beynəlxalq institutlar və qaydalar inertiya ilə mövcudluğunu davam etdirirdi. Dünya sanki köhnə qaydalarla oynamağa davam edirdi, halbuki oyunun özü artıq dəyişmişdi. Balans yox oldu, onunla birlikdə çəkindirmə sistemi də aradan qalxdı. Yeni münaqişələr dövrü məhz bu ziddiyyətdən doğdu.

Qərbdə bir çoxlarının “sülh onilliyi” kimi qəbul etdiyi 1990-cı illər keçmiş Sovet məkanının böyük hissəsi üçün qanlı müharibələr onilliyi oldu. Qarabağ, Dnestryanı, Abxaziya və Tsxinvali regionu, Çeçenistan — bütün bu münaqişələr məhz əvvəlki nəzarət və çəkindirmə sisteminin yox olduğu vaxt alovlandı. Köhnə sərhədlər artıq qəti sayılmırdı, yeni dövlətlər zəif idi, beynəlxalq hüquq isə güc tətbiqinin qarşısını ala bilmirdi.


O zaman Qərbdə hələ də ümid edirdilər ki, bunlar imperiyanın dağılmasının ağrılı nəticələridir və zamanla dünya yenidən sabitliyə qayıdacaq. Lakin, təəssüf ki, qayıtmadı. 

Əksinə, münaqişələr genişlənməyə başladı. Balkanlar, Yaxın Şərq, Afrika, Qafqaz... Hər yeni onillik yeni müharibələr gətirdi. Beynəlxalq institutlar getdikcə daha çox aciz qalır, beynəlxalq hüquq isə tədricən tənzimləmə alətindən yaxşı niyyətlərin bəyanatına çevrilirdi. Dünya yavaş-yavaş hüququn gücündən gücün hüququna keçirdi və bu gün bunu görməmək artıq mümkün deyil.


Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişəyə çevrildi və Avropa qitəsinin artıq sabit sülh dövrünə daxil olduğu illüziyasını dağıtdı. Eyni zamanda bu gün Yaxın Şərq də yenidən böyük müharibə həddinə gəlib çatıb. İran ətrafındakı münaqişə və ABŞ ilə İsrailin hərəkətləri regional böhranların necə sürətlə qlobal qarşıdurmaya çevrilə biləcəyini göstərir.


Lakin Vaşinqton üçün bu müharibə regional siyasətdən xeyli geniş məna daşıyır. Bu gün söhbət təkcə Yaxın Şərqdə güc balansından getmir. Söhbət həm də qarşıdan gələn ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Prezident Trampın və onun administrasiyasının siyasi taleyindən gedir. Amerika rəhbərliyi üçün bu müharibəni sadəcə bitirmək kifayət deyil. Onu tez və Amerika cəmiyyətində aydın qələbə kimi qəbul olunacaq nəticə ilə başa çatdırmaq lazımdır. 

Son illərin təcrübəsi göstərdi ki, Amerika seçicisi uzunmüddətli və qeyri-müəyyən münaqişələrə çox həssas reaksiya verir. Məhz buna görə Vaşinqtonda anlayırlar ki, mövcud böhranın nəticəsi inandırıcı və qəti görünməlidir və 2025-ci ilin yayında baş verən, qısa olsa da çoxlu suallar doğuran on iki günlük müharibədən sonra olduğu kimi olmamalıdır. 

Məhz buna görə bu gün risklər son dərəcə yüksəkdir. Söhbət yalnız bir administrasiyanın siyasi gələcəyindən getmir. Söhbət yeni dünya nizamının formalaşdığı bir anda ABŞ-nin hansı mövqeləri tutacağından gedir.

Bu müharibələr təsadüfi böhranlar deyil, İkinci Dünya müharibəsindən sonra yaradılmış və konkret institutlar və böyük dövlətlər arasındakı güc balansı üzərində qurulmuş köhnə dünya nizamının dağılmasının simptomlarıdır.


Sovet İttifaqı dağıldıqdan sonra bu sistem inertiya ilə davam etsə də, onun təməli tədricən aşınırdı.

Dünya aralıq vəziyyətdə qaldı: köhnə sistem artıq işləmirdi, yenisi isə hələ qurulmamışdı. Məhz buna görə son onilliklər strateji qeyri-müəyyənlik dövrünə çevrildi. Bu gün getdikcə daha aydın görünür ki, gələcək dünya nizamının əsas oxu ABŞ ilə Çin arasındakı münasibətlər olacaq. Əgər XX əsr Vaşinqton ilə Moskvanın qarşıdurması idisə, XXI əsr getdikcə Vaşinqton ilə Pekinin strateji rəqabəti dövrünə çevrilir. Gələcək dünya nizamı böyük ölçüdə bu iki güc mərkəzi arasındakı balansla müəyyən olunacaq.


Məhz buna görə ABŞ və Çin liderləri arasında gözlənilən danışıqlar bütün dünyada bu qədər diqqətlə izlənilir. Müəyyən mənada bu, sadəcə diplomatik görüş deyil. Bu, köhnə qaydaların artıq işləmədiyi bir dövrdə oyunun yeni qaydalarını müəyyən etmək cəhdidir. İstənilən böyük geosiyasi görüş həmişə mövqelər uğrunda mübarizə ilə müşayiət olunur. Dövlətlər danışıqlar masasına mümkün qədər çox strateji üstünlüklə gəlməyə çalışırlar. Müasir münaqişələrin sərtliyi, xüsusilə də bu gün ABŞ-nin birbaşa hərbi iştirakı ilə Yaxın Şərqdə baş verənlər məhz bununla izah olunur. Hər tərəf anlayır ki, müharibənin nəticəsi gələcək dünya nizamı ilə bağlı danışıqlarda arqumentə çevrilə bilər. Tarix dəfələrlə göstərib ki, böyük beynəlxalq sistemlər məhz böyük sarsıntılardan sonra formalaşır. Bu, Napoleon müharibələrindən, Birinci Dünya müharibəsindən, İkinci Dünya müharibəsindən sonra da belə olub. Yeni dünya nizamı demək olar ki, həmişə köhnənin böhranından doğur.


Biz elə bir dövrdə yaşayırıq ki, köhnə dünya artıq gedir, yenisi isə yalnız formalaşmağa başlayır. Həmişə olduğu kimi, bu proses xaos, münaqişələr və təsir uğrunda mübarizə ilə müşayiət olunur. Buna görə son otuz beş ilin əsas nəticəsi paradoksal səslənsə də, son dərəcə aydındır: Sovet İttifaqının dağılması tarixin sonu deyil, yeni başlanğıcı oldu. Bəlkə də gələcək tarixçilər bir gün yazacaqlar ki, əsl XXI əsr 2000-ci ildə deyil, məhz 1991-ci ildə — köhnə güc balansının dağıldığı və bəşəriyyətin qaydaları hələ yazılmaqda olan yeni bir dövrə daxil olduğu anda başladı.

Tarix isə, hər zaman olduğu kimi, Fukuyama kimi onu çox tez bitmiş elan edənlərə qarşı amansızdır. Bəlkə də zamanımızın mənasını ən yaxşı şəkildə Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin sözləri ifadə edir: 


“Bu son deyil. Bu, hətta sonun başlanğıcı da deyil. Amma bəlkə də bu, başlanğıcın sonudur”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

tag: Ramiz Yunus,Politoloq,Professor,ABŞ,Çin,Todaypress.tv,