"Qayıblar, kəsirlər və maliyyə itkiləri: Tələbələr nəyə diqqət etməlidirlər?"

Elm və Təhsil

15.09.2025 16:07

“Tələbələrin böyük bir qismi ödənişli əsaslarla təhsil alır. Maddi imkanların məhdudluğu isə bəzən onların təhsillərini yarımçıq qoyması ilə nəticələnir”. 

Bu barədə TodayPress TV-yə danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, prezidentin tapşırığı ilə yaradılan Təhsil Tələbə Kredit Fondu müəyyən qədər tələbələrin yükünü azaldıb:

"Fond fəaliyyətə başladıqdan sonra kifayət qədər tələbə bu imkanlardan yararlanaraq təhsillərini davam etdirə bilib. Kredit əlçatanlıq baxımından həm də yardımçı mexanizm rolunu oynayır. Amma təəssüf ki, müəyyən parametrlərə cavab verməyən tələbələr bu imkandan faydalana bilmirlər".

Mütəxəssis qeyd edib ki, tələbələr də məsuliyyətli olmalıdırlar:

"Əgər ödənişli əsaslarla oxuyurlarsa, maksimum çalışmalıdırlar ki, dərsə gecikməsinlər. Çünki qayıb məsələsi var. Təəssüf ki, tətbiqdə belə bir tələb qoyulub. Müəyyən sayda dərs buraxıldıqda tələbə nə dərsə, nə də imtahana buraxılır. Bu da kəsirə səbəb olur. Nəticədə isə tələbə əlavə maliyyə itkisi ilə üzləşir. Qanuni baxımdan bu, sistemin tələbidir və tələbələr buna diqqət yetirməlidir".

Elçin Əfəndinin fikrincə, tələbə dərslərə davamiyyətə və məsuliyyətə diqqət yetirsə, həm kəsirdən, həm də əlavə maliyyə yükündən xilas ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elçin Əfəndi,Ekspert,Təhsil,Kəsir,Todaypress.tv,

photo