Misir Mərdanov nazirliyə qayıtmaqla bağlı iddialara CAVAB VERDİ: “Heç kimin yerində gözüm yoxdur”
Elm və Təhsil
12.08.2025 17:26
“Bu söhbətlər reallıqdan çox uzaqdır”.
Keçmiş elm və təhsil naziri Misir Mərdanov sosial şəbəkələrdə 450 nəfər müəllimin Prezidentə müraciət edərək onun yenidən vəzifəyə qaytarılmasını xahiş etməsi ilə bağlı yayılan xəbərlərə TodayPress TV-yə açıqlamasında münasibət bildirib.
O, yayılan iddialardan xəbərsiz olduğunu deyib:
“Mənim bu barədə məlumatım yoxdur. Məni istəyən şəxslər belə bir təşəbbüs göstərə bilərlər, lakin yenidən nazir kimi fəaliyyət göstərmək niyyətində deyiləm. Heç kimin yerində gözüm yoxdur. Artıq 79 yaşım var, 12 ildir bu vəzifədən uzaqlaşmışam və öz işimlə məşğulam. Bu söhbətlər reallıqdan çox uzaqdır”.
Qeyd edək ki, Misir Mərdanov 1998–2013-cü illərdə elm və təhsil naziri vəzifəsini icra edib. 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru kimi fəaliyyət göstərir.
Türkan İsgəndərli
tag: Misir Mərdanov,Nazir,Elm,Təhsil,Todaypress.tv,