Misir Mərdanov: “Hamı evinə yaxın məktəbdə işləsə, ucqar kəndlərə kim gedəcək?”
Elm və Təhsil
12.08.2025 16:46
"Azərbaycan təhsil sistemində ucqar kəndlərdə müəllim çatışmazlığı problemi uzun illərdir davam edir. Bu məsələni yalnız imtahan yolu ilə həll etmək isə real görünmür".
Sabiq təhsil naziri, professor Misir Mərdanov bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, ölkənin dağlıq və çətin keçilən bölgələrində müəllim kimi işləməyə maraq olduqca azdır:
“Bu problemin səbəbləri həm obyektiv, həm də subyektiv xarakter daşıyır. Vaxtilə hökumət tərəfindən təsdiq edilmiş proqram çərçivəsində həmin bölgələrə gedən müəllimlərə əlavə güzəştlər – ev, yüksək maaş və digər sosial imtiyazlar təqdim olunurdu. Və ya müəllimlərlə xüsusi müqavilələr bağlanırdı. Nəticədə isə onlar həmin bölgələrə ezam edilirdilər. Bu tədbirlər müəyyən qədər problemi yüngülləşdirirdi. Amma hazırda bu məsələnin yalnız imtahan yolu ilə tənzimlənməsi ciddi sual doğurur”.
Sabiq nazir vurğulayıb ki, Lerik, Yardımlı, Gədəbəy, Laçın, Kəlbəcər və digər dağlıq rayonların ucqar kəndlərində müəllim çatışmazlığı həmişə mövcud olub və bu problem hələ uzun müddət qalacaq.
Professor, müəllimlərin yaşadıqları əraziyə uyğun məktəblərə yerləşdirilməsi prinsipini də tənqid edib:
“Abşeronda yaşayıb aşağı bal toplayan bir müəllimin, sadəcə ünvanına yaxın olsun deyə həmin ərazidə məktəbə yerləşdirilməsi nə dərəcədə məqsədəuyğundur?”, - deyə o sual edib.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlamasında bildirib ki, MİQ imtahanı üzrə vakansiya seçiminə müraciət edən namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.
Türkan İsgəndərli
tag: Misir Mərdanov,Nazir,Elm,Təhsil,Todaypress.tv,