Məktəblərə vahid geyim forması tətbiq olunacaq?
Elm və Təhsil
08.09.2025 17:46
Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi yeni tədris ilindən etibarən vahid geyim formasının tətbiqinə başlayıb.
Bəs bu qayda bütün məktəblərdə tətbiq oluna bilər?
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verib.
Onun sözlərinə görə, 2008-ci ildə Təhsil Nazirliyinin kollegiya iclasında pedaqoji işçilərin geyim qaydaları ilə bağlı müəyyən göstərişlər verilib. Orada müəllimlərin nələri geyinə biləcəyi və nələri geyinə bilməyəcəyi göstərilsə də, vahid forma məsələsi əksini tapmayıb.
"Azərbaycanda şagirdlərin vahid məktəb formasından istifadə etməsi qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsil alanlar üçün dörd eskiz üzrə formalar müəyyənləşdirilib. Hər bir məktəb bu formaların tətbiqini pedaqoji şuranın qərarı ilə həyata keçirir və həmin qərar üç il qüvvədə olur.
Lakin müəllimlərin və digər pedaqoji işçilərin vahid geyim forması ilə bağlı qanunvericilikdə heç bir müddəa mövcud deyil".
Ekspert əlavə edib ki, əgər gələcəkdə ölkə üzrə vahid müəllim formasına keçid nəzərdə tutulacaqsa, bunun üçün Nazirlər Kabinetinin qərarı və müvafiq qanun dəyişikliyi vacibdir.
"Bəzi ölkələrdə müəllimlər xüsusi nişan daşıyır, bəzilərində isə vahid forma və ya iş saatlarında ağ xalat geyinmək ənənəsi var", - deyə o bildirib.
Elşən Qafarov qeyd edib ki, xüsusi qayda olmasa da, müəllimlər səliqəli və rəsmi geyinməlidirlər.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Məktəb,Forma,Todaypress.tv,
