Jurnalist olmağın yolu qabiliyyət imtahanından keçir? - “Bu, məqsədəuyğundur” – EKSPERT

Elm və Təhsil

02.08.2025 09:45

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, jurnalistika üzrə qabiliyyət imtahanlarının keçirilməsi vacib və məqsədəuyğundur:

"Jurnalistika ixtisası istiqamətində bu sahəyə həqiqətən marağı olan abituriyentləri öncədən müəyyənləşdirmək lazımdır. Bu il üçüncü qrupa maraq yenə də yüksək olub. Ümumilikdə 15 min plan yerinə qarşı 28 mindən çox abituriyentin müraciət etməsi ciddi rəqabətin göstəricisidir. Jurnalistika da üçüncü ixtisas qrupunda yer alır və hər il burada ciddi rəqabət müşahidə olunur. Təsadüfi deyil ki, bu il jurnalistika üzrə qabiliyyət imtahanına Azərbaycan bölməsi üzrə 964 nəfər, rus bölməsi üzrə isə 107 nəfər olmaqla, ümumilikdə 1071 nəfər qeydiyyatdan keçib".

Ekspert əlavə edib ki, bu rəqəm hər qeydiyyatdan keçən şəxsin mütləq şəkildə bu sahəni seçdiyini göstərməsə də, ən azı əhəmiyyətli hissəsinin jurnalistikaya maraqlı olduğunu deməyə əsas verir. Onun fikrincə, jurnalistika üzrə qabiliyyət imtahanının ləğvi məqsədəuyğun deyil:

"Qabiliyyət imtahanında əsasən esselər üzərindən aparılan qiymətləndirmə bu sahəyə marağı olanların düşünmə və ifadə bacarıqlarını üzə çıxarmağa xidmət edir. Bu baxımdan düşünürəm ki, imtahanın formatı dəyişdirilməməli, olduğu kimi saxlanılmalıdır. Çünki bu, məqsədəuyğun və effektiv bir yanaşmadır", - deyə Elçin Əfəndi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, hazırda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı yazılı esselər əsasında aparılır və bu mərhələ abituriyentlərin məntiqi təfəkkürünü, yazı üslubunu və analitik qabiliyyətlərini qiymətləndirməyə imkan verir.

Türkan İsgəndərli

tag: Elçin Əfəndi,Ekspert,Jurnalistika,Qabiliyyət,İmtahan,Todaypress.tv,

photo