"Ad-san" xatirinə edilən seçimlər gəncləri peşman edə bilər" – Mütəxəssis

Elm və Təhsil

30.07.2025 16:14

Avqust ayında abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayacaq. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, ixtisas seçimi mərhələsi abituriyentin gələcək peşə və həyat yolunu müəyyənləşdirən həlledici qərarlardan biridir.  

"İxtisas seçimi abituriyentin taleyini müəyyənləşdirən əsas mərhələdir. Bu prosesə çox ciddi və soyuqqanlı yanaşmaq lazımdır. Valideyn təzyiqi, cəmiyyətin populist yanaşmaları, yaxud "ad-san" xatirinə edilən seçimlər gəncləri sonradan peşman edə bilər".   

Ekspertin fikrincə, bu il ixtisas seçimi prosesində rəqabət əsasən texnoloji, tibb və hüquq sahələrində olacaq. Onun sözlərinə  görə, bu sahələrə maraq hər il artmaqda davam edir və yüksək bal toplayan abituriyentlər arasında üstünlük təşkil edir. 

“Eyni zamanda, abituriyentlər seçim etməzdən öncə həmin ixtisaslar haqqında ətraflı araşdırma aparmalı, proqram məzmunu, tədris dili, təcrübə imkanları, yerli və beynəlxalq əmək bazarındakı tələbat kimi meyarları nəzərə almalıdırlar".

O, həmçinin valideynlərə də çağırış edərək bildirib ki, övladlarının maraq və qabiliyyətlərini nəzərə almadan edilən müdaxilələr onların motivasiyasını sarsıda bilər. 

Sonda Rizvan Fikrətoğlu abituriyentləri qəbul ballarına uyğun şəkildə, reallığı dəyərləndirərək seçim etməyə çağırıb.

Türkan İsgəndərli

tag: İxtisas seçimi,Ekspert,Abituriyent,İmtahan,Todaypress.tv,

photo