Vens: “Tramp doktrinası” artıq formalaşıb"
Dünya
25.06.2025 12:06
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin İrana qarşı həyata keçirdiyi hava zərbələrindən sonra “Tramp doktrinası”nın meydana gəldiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Breitbart” nəşrinə verdiyi müsahibədə danışıb.
Vensə görə, yeni doktrina ABŞ-nin xarici siyasətində yalnız respublikaçılar üçün deyil, bütövlükdə ölkə üçün əsas yanaşmaya çevriləcək.
“Tramp doktrinasının mahiyyəti üçüncü ölkələrdə rejim dəyişikliyi etməkdə deyil, zərurət olduqda diplomatiyanı güclə birləşdirən taktiki yanaşmadadır. Uzunmüddətli müharibələrə qoşulmaq niyyətimiz yoxdur", – deyə o bildirib.
Vitse-prezident əlavə edib ki, bu siyasət dövlət maraqlarını aydın şəkildə müəyyənləşdirmək, əvvəlcə diplomatik yolla nəticə əldə etməyə çalışmaq, alınmadıqda isə qəti hərbi güc tətbiq etmək prinsipinə əsaslanır.
İranla bağlı son hadisələrə toxunan Vens bildirib ki, Vaşinqtonun məqsədi orada rejim dəyişikliyi və ya demokratiya ixracı deyil:
“Biz İranı Viskonsin etmək istəmirik. Biz onların nüvə proqramını məhv edirik və bu işi bitirən kimi oranı tərk edəcəyik", – deyə o vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Nüvə,İran,Todaypress.tv,