Ukraynada məmur maaşları artdı: 60 min...

Dünya

25.07.2025 11:22

2025-ci ilin iyun ayında Ukraynanın mərkəzi dövlət orqanlarında orta aylıq əməkhaqqı 59,6 min qrivna (təxminən 2,955 Azərbaycan manatı) olub.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bu, ötən ilin iyun ayı ilə müqayisədə cəmi 9,2% artım deməkdir. Halbuki həmin dövrdə inflyasiya 14,3%-ə çatıb.

Əməkhaqqı artımı inflyasiyanı qarşılaya bilmədiyi üçün məmurların real gəlirləri azalıb.

May ayına olan məlumata görə, Ukraynada rəsmi orta əməkhaqqı 20 355 qrivna (1,010 Azərbaycan manatı) təşkil edib və bu, illik 18,5% artım deməkdir. Beləliklə, məmur maaşları ölkə üzrə orta göstəricidən üç dəfə çoxdur.

Ən yüksək maaş alan dövlət qurumları isə bunlardır:

Enerji və kommunal xidmətlər üzrə dövlət tənzimləmə komissiyası – 100,6 min qrivna

Korrupsiyanın qarşısının alınması üzrə milli agentlik – 96,3 min qrivna (4,780 AZN)

Antiinhisar Komitəsi – 90,1 min qrivna (4,470 AZN)

Ali Rada Aparatı – 86,5 min qrivna (4,285 AZN)

Nazirlər Kabinetinin Katibliyi – 80,2 min qrivna (3,980 AZN)

Rəhbərlərin maaşları isə daha yüksəkdir. Belə ki, orta hesabla rəhbər vəzifəli şəxslər ayda 128 min qrivna (6,350 Azərbaycan manatı) maaş alır.

Ən yüksək rəhbər maaşı alan qurumlar isə bunlardır:

Korrupsiya Agentliyi – 245,6 min qrivna (12,175 AZN)

Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası – 206,4 min qrivna (10,240 AZN)

Dövlət Kosmik Agentliyi – 193,2 min qrivna (9,580 AZN)

Enerji üzrə Tənzimləyici Komissiya – 191 min qrivna (9,475 AZN)

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dövlət qulluqçularının maaş sistemində vahid yanaşmaların tətbiqini nəzərdə tutan qanunu imzalayıb. Bu qanunla maaşların özəl sektordakı analoji vəzifələrin 70–90%-nə qədər artırılması planlaşdırılır.

Töhfə Səməd


tag: Ukrayna,Məmur,Əməkhaqqı,Qrivna,Todaypress.tv,